Səhiyyə
15 may 2019
38

Heç bir xəstəliyi olmaya-olmaya özünü xəstələndirən insanlar

Heç bir xəstəliyi olmaya-olmaya özünü xəstələndirən insanlar


Heç bir xəstəliyi olmaya-olmaya özünü xəstələndirən insanlar Munchausen (mançauzen) sindromu nədir?

Beş.az kaspi.az-a istinadən psixoloq Günel Qurbanovanın yazısını təqdim edir.

1951-ci ildə İngiltərədə xəstəxanaları gəzib, saxta xəstəlik hekayələri danışan və ehtiyacı olmadığı halda, cərrahi müdaxilələr tələb edən müəyyən insanlar təyin edildi. Mançauzen sindromunu yaşayanların, "hipoxondriya"sı olan və ya "təşviş pozuntusu" olan insanlardan fərqi ondadır ki, bu insanlar heç bir xəstəliyinin olmadığını bilir. Probleminin olmadığını bildiyi halda, özlərində xəstəliyin simptomlarını yaradırlar.

18-ci əsrdə bu sindromu yaşayan ən məşhur insan olan alman baronu Karl Friedrich von Munchausendən ilhamlanaraq, həkimlər bu sindroma onun adını vermişlər. Bu sindromu olan insanlar, həkim müayinəsinə, ya da təcili servisə əsaslı olmayan kliniki simptomlarla müraciət edirlər. Müalicəsi bitmədən xəstəxanadan çıxır və qısa müddət sonra eyni simptomlarla xəstəxanaya müraciət edirlər. Bu insanlar, ən ağıllı müşahidəçiləri belə aldada biləcək psixi problemi olan insanlardır.

Bu insanların keçmişində əsasən valideyn qayğısından məhrum olma, tərkedilmə qorxusu, valideyn itkisi və ya şiddət görmə kimi travmalar olur. Xəstəxana işçiləri və həkimlər həmin insanlar üçün qayğı və sevgi mənbəyi kimi qəbul edilir. Qeyd olunmuş məqsədlə, xəstəliyin əlamətlərini özləri öz üzərində süni şəkildə yaradırlar. Məsələn, öz bədənini yaralayır və yaraladığı bölgəyə nəcisindən bulaşdıraraq infeksiya problemləri yaradır, boğazını iç tərəfdən kəsərək özünü qan qusurmuş kimi təqdim edir, uşaqlar üçün olan pudranı nəfəs yoluna çəkərək süni asma əlamətləri yaradır və s. bu kimi bir çox ağlagəlməz yollardan istifadə edirlər. Bu yollarla öz məqsədlərinə çataraq, diqqət mərkəzində olur, yüzlərlə xəstəxanaya müraciət edir, dəfələrlə əməliyyat olunurlar.

1977-ci ildə mançauzen sindromunun fərqli növü təyin olundu. Bu uşaq istismarı sayıla bilən "Vəkalətən Mançauzen sindromu"dur. Bu sindromu yaşayan insan özündə yox, baxmalı olduğu uşaqda xəstəliyin simptomlarını yaradır. Sindrom adətən gənc analarda müşahidə olunur. Məsuliyyətini daşıdığı "xəstələnmiş" uşaq üçün əlindən gələni edir və hətta təcili müdaxilələr edərək, başqalarının gözündə "xilaskar" titulunu qazanır. Övladını itirməmək üçün saatlarla, günlərlə xəstəxanada qalır və onun yanından bir saniyə də olsa ayrılmır. Beləliklə, ətrafındakılarda canla-başla iş görən, hörmət olunan ana obrazı yaradır.