Siyasət
26 aprel 2019
72

Prezident İlham Əliyev Pekində 2-ci “Bir kəmər, bir yol” Forumunda iştirak edir

Prezident İlham Əliyev Pekində 2-ci “Bir kəmər, bir yol” Forumunda iştirak edir


Aprelin 26-da Pekində 2-ci "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumu işə başlayıb.

BEŞ.AZ AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Forumda iştirak edir.

Forumda 37 dövlət və hökumət başçısı, beynəlxalq təşkilatların rəhbərləri iştirak edirlər. Builki Foruma Azərbaycan, Rusiya, Pakistan, Qazaxıstan, Avstriya, Belarus, Çexiya, Yunanıstan, Macarıstan, İtaliya, Serbiya, Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrin liderləri qatılıblar. "Bir kəmər, bir yol əməkdaşlığı, ümumi parlaq gələcəyin qurulması" mövzusunda keçirilən Forum çərçivəsində 12 panel iclası və digər tədbirlər təşkil olunacaq.

İkinci "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumunun açılış mərasimində çıxış edən Çin Xalq Respublikasının Sədri Si Cinpin bütün qonaqlara təşəkkürünü bildirdi. İlk forumdan sonra təşəbbüsü dəstəkləyən ölkələr arasında səmərəli əməkdaşlığın qurulduğunu deyən Çinin dövlət başçısı hazırda "Bir kəmər, bir yol" təşəbbüsünün 150 ölkə tərəfindən dəstəkləndiyini, bu sıraya bir sıra nüfuzlu beynəlxalq təşkilatların da daxil olduğunu diqqətə çatdırdı. "Bu da göstərir ki, bizim təşəbbüs bütün dünyanı əhatə edir", - deyən Si Cinpin həmin təşəbbüsün dünyanın inkişafında yeni mərhələ olduğunu diqqətə çatdırdı. O, "Bir kəmər, bir yol" layihəsinin həm də ölkələr arasında ikitərəfli, üçtərəfli və çoxtərəfli əməkdaşlığı da əhatə etdiyini vurğuladı. Çin lideri iqtisadi, ticari, maliyyə və digər sahələrdə xüsusi əhəmiyyəti ilə seçilən bu təşəbbüsün qədim İpək Yolu üzərində yeni dəyərlərin formalaşmasına da dəstək göstərdiyini, qloballaşmanın iqtisadiyyata mənfi təsirlərini azaltdığını, bu layihənin beynəlxalq səviyyədə yüklərin daşınmasına və beləliklə də milli gəlirlərin artmasına, regional inkişafa ciddi təkan verdiyini bildirdi. Həmin layihənin həyatın bütün sahələrinə, xüsusilə də sosial məsələlərə inkişaf baxımından ciddi təsir göstərdiyini deyən Çinin dövlət başçısı mədəni-humanitar əlaqələrin genişlənməsində də yeni mərhələnin başlandığını vurğuladı.

Sonra Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev, Misir Prezidenti Əbdülfəttah Sisi, Malayziyanın Baş naziri Mahathir Mohammad, Pakistanın Baş naziri İmran Xan, BMT-nin Baş katibi Antonio Quterreş "Bir kəmər, bir yol" təşəbbüsünün əhəmiyyətindən danışdılar. Onlar bəşəriyyəti narahat edən məsələlərə diqqət çəkdilər, mövcud problemlərin həllində və dünya iqtisadiyyatının dinamik inkişafında bu layihənin böyük rol oynadığını bildirdilər. Bununla da forumun birinci hissəsi başa çatdı.