Siyasət
16 iyul 2020
23
Orduya dəstək mitinqini təxribata çevirən “gizli əl” – Hadisələrin izi ilə
Milliinfo.az
Sərdar Cəlaloğlu: “Meydanda bir çox təxribatçıları gördüm, “Müdafiə Nazirliyinə gedək”, “Parlamentə gedək” təklifləri səsləndirirdilər”
İyulun 14-ü axşam saatlarında paytaxt Bakıda “Qarabağa azadlıq”, “Ordumuzun yanındayıq”, “Şəhidlər ölməz, Vətən bölünməz” kimi şüarlarla Azərbaycan Ordusuna dəstək xarakterli yürüş başladı və gecə saatlarınadək davam etdi. Yürüş Milli Məclisin qarşısında böyük mitinqlə nəticələndi. Minlərlə insan parlamentin binası qarşısında toplaşaraq səfərbərlik tələb etdi.
Mitinq kortəbiiliyi və lidersizliyi ilə seçilirdi. İdarəolunmaz kütlə içərisindən bir qrup şəxs sonucda təxribata əl atdı – Milli Məclisin qapılarını sındıraraq binaya daxil oldu, polis maşınını çevirdi. Gecə saat 03:00 radələrində təxribatın qarşısını Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının əməkdaşları aldılar, mitinq iştirakçıları ərazidən uzaqlaşdırıldı.
Bu təxribatla bağlı bir çox suallar meydana çıxıb. Əsas sual budur: Qarabağın azadlığını istəyən, orduya dəstək verən mitinqə kim təxribat rəngi qatdı? Niyə elə möhtəşəm tədbir düşmən erməninin gülüş obyektinə çevriləcək nəticə ilə başa çatdı?
Qeyd edək ki, meydana yığışan insanların əksəriyyəti səmimi şəkildə Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətindəki təxribatını pisləmək, düşməni yerində oturtmaq üçün səfərbərlik tələbi ilə çıxış edirdi. Mitinqdə heç bir siyasi qüvvə yönləndirici deyildi, heç bir siyasi lider öndə gedib, yürüşü siyasiləşdirmədi. Öz axarı ilə kütlə Qarabağın azadlığını tələb edirdi. Bir neçə saatdan sonra isə sanki gizli bir “əl” prosesə yön verməyə cəhd göstərdi, təxribat törətməyə, mitinqdə qan tökülməsinə nail olmaq istədi.
Milli Məclisin qarşısında baş verən anlaşılmazlıqlarla bağlı AYNA-ya danışan həmin mitinqin iştirakçılarından biri, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu maraqlı məsələlərə toxunub.
- Xalq Azadlıq meydanında qalmalı, mitinq də orada keçirilməli idi. Mən anlamıram, insanlar niyə Şəhidlər Xiyabanına istiqamətləndirildi. Orada Milli Məclis, Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidmətinin inzibati binaları yerləşir. Hətta, kütlə oraya gəlmək istəsəydi belə, polis buna imkan verməməli idi. Mən gecə saat 01:00 radələrində oradan ayrıldım. Hesab edirəm ki, orada bir mikrafon qurulmalı idi, ziyalılar, hökumət nüməyəndələri gəlib xalqa müraciət etməli idilər. Bundan sonra camaat sakit şəkildə yürüş-mitinqi yekunlaşdıraraq dağılışa bilərdi. Amma çox təəssüf ki, həmişəki kimi bir nəfər xalqa yaxın adam, bir nəfər dövlət nümayəndəsi görünmədi. Yalnız polis, hərbçilər var idi. Onlar da təhlükəsizliyi təmin etməyə çalışırdılar.
- Yəni kütlə başsız qalmışdı...
- Bəli, kütlə başsız idi. Kütlə psixologiyasına görə, mitinq başsız, lidersiz qaldıqda destruktiv kütləyə çevrilir. Elm də sübut edib ki, başsız insan yığıncağı bir neçə saatdan sonra destruktiv kütləyə çevrilir. Mən istədim ki, çıxam, müraciət edəm ki, dağılaq. Çünki təxribata gedildiyini hiss edirdim. Amma imkan olmadı. İlham İsmayıl cəhd elədi ki, kütlənin dağılışması üçün müraciət etsin. Mikrafon yox idi, dediklərini heç kim eşitmədi. Görünən o idi ki, təxribat törədilməsində maraqlı qüvvələr var idi. Amma yaxşı ki, alınmadı, ağır nəticələri olmadı. Hər halda düşmənin qabağında bu cür hərəkətlərə yol verilməməli idi. Bizim iqtidarlı-müxalifətli, məqsədimiz xalqla bir yerdə dövlət ətrafında birləşib düşmənə cavab verməkdir. Biz öz aramızda hansısa problem yaradırıqsa, didişiriksə, bundan yalnız ermənilər qazanır. Ona görə də Milli Məclisin binasına girilməsini qətiyyətlə pisləyirəm. Hesab edirəm ki, bu hərəkət Azərbaycandakı “5-ci kolon”un təxribatı idi. Özüm orada bir çox təxribatçılar gördüm. “Müdafiə Nazirliyinə gedək”, “Parlamentə gedək” kimi təkliflər irəli sürürdülər. Mən ordan ayrılandan sonrasını görmədim. Amma baxıram ki, həmin adamlar açıq-aşkar təxribatçı niyyətlərini həyata keçirərək Milli Məclis binasına giriblər. “5-ci kolon”un nümayəndələri orada dinc dayanmadılar.
- Kütləni kim yönləndirdi parlament istiqamətinə?
- Konkret yönləndirmə də demək olmaz. Hər halda polis imkan verdi ki, insanlar Milli Məclis istiqamətinə getsinlər. Elə bir “korridor” düzəltmişdilər ki, o, birbaşa Milli Məclisin qarşısına çıxacaqdı. Həmin dəhliz də Azneft meydanına, onun yanından Prezident Administrasiyasına, sonra da Şəhidlər Xiyabanı tərəfə aparırdı, başqa marşrut yox idi. Orada minlərlə insan var idi. Təəssüf ki, bizim hökumətin ekstremal vəziyyətdə kütləni idarə etmək təcrübəsi yoxdur. Xalqın çox xeyirxah niyyəti ilə keçirdiyi aksiya sonda arzuolunmaz nəticə ilə başa çatdı. Yenə deyirəm, yaxşı ki, nəticəsi çox da ağır olmadı, düşmənlərin arzuladığı kimi alınmadı. Bilirsiz ki, ermənilər əvvəl bəyanat verirdilər ki, Azərbaycan xalqı çıxıb hökumətdən istefa tələb edir. Orda “istefa” şüarı oldu, amma bu, Prezidentlə, hökumətlə bağlı deyildi, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkovla bağlı idi. Çünki, Azərbaycan cəmiyyətində belə bir fikir var ki, Nəcməddin Sadıkov Rusiyanın agentidir. Fikirlər var ki, generalımızın da vurulmasında onun rolu var. Bilirsiz, onun adı bir sıra məsələlərdə hallandırılır. Hətta, deyilənlər kimi olmasa da, artıq Sadıkov xalqın etimadını itirib. Hesab edirəm ki, o, vəzifəsindən dərhal uzaqlaşdırılmalıdır. Orada da, “istefa” səsləri Nəcməddin Sadıkovla bağlı idi.
- Necə hesab edirsiz, Nəcməddin Sadıkov barədə niyə elə fikir formalaşıb?
- Bilirsiz ki, yüksək rütbəli zabitin cəbhədəki hərəkət istiqamətini Müdafiə Nazirliyinin rəhbərliyindən başqa kiminsə bilməsi mümkün deyil. Dünən ən mühüm adamlar, Artilleriya Qoşunlarının komandanı olan polkovnik İlqar Mirzəyev, hərbi əməliyyatlara rəhbərlik edən general-mayor Polad Həşimov, həmçinin də mayorlar vuruldu. Bunların bir yerdə düşmən tərəfindən öldürülməsi yüz faiz təxribatdır. Qərargahda onların olma vaxtı, saatı haqqında düşmənə məlumat verilib. Hesab edirəm ki, məsələ ilə bağlı təcili cinayət işi qaldırılmalıdır, araşdırmalar aparılıb, ictimaiyyətə dəqiq informasiyalar verilməlidir.
- Qarabağ yürüşünün yaxşı tərəfi də var hər halda...
- Təbii ki, mitinqin yaxşı tərəfləri çox oldu. Xalq göstərdi ki, Azərbaycan insanı müharibədən çəkinmir, qorxmur. Xalq qəhrəmanlıq nümayiş etdirməyə hazır olduğunu göstərdi. Azərbaycan insanı irəli getməyi, erməninin layiqli cavabının verilməsinə hazır olduğunu bildirərək, torpaqlarımızın bir qarışından da keçməyəcəyini nümayiş etdirdi. Yürüş-mitinq çox uğurlu idi, dünyaya, ermənilərə xalq mesaj verdi ki, azərbaycanlılar son nəfərinə qədər torpaqlarını işğaldan azad etməyə hazırdır. Heç bir qüvvə bizdən bir qarış da torpaq qopara bilməz. Xalq bildirdi ki, Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycana qaytarılmalıdır, ermənilər də istəyərlər, birlikdə yaşayarlar, istəməzlər də, rədd olub gedərlər. Bundan sonra Azərbaycan ermənilərin hücumunu dəf etməyə yox, Dağlıq Qarabağın işğaldan azad edilməsinə köklənməlidir. Müasir dünya bizə bunu “etmə” deyə bilməz. Çünki Ermənistan nə zaman kefi istəyəndə Rusiyanın göstərişi ilə Azərbaycana hücum edir, işğalçılıq siyasətini davam etdirir. İnsan itkilərimiz olur, ölkəmizə maddi ziyan dəyir. Ona görə də, Azərbaycan atəşkəs “oyunu”nu qurtarmalıdır. Görünən o oldu ki, münaqişənin sülh yolu ilə həllinin heç bir perspektivi yoxdur. Hadisələr göstərir ki, biz Dağlıq Qarabağı azad etməsək, ermənilər digər torpaqlarımıza təcavüzə cəhd göstərəcəklər. Rusiya da ermənilərdən hər zaman bizə qarşı təzyiq vasitəsi kimi istifadə edəcək. Erməni bizə hücum etdi, ya yox, Azərbaycan Dağlıq Qarabağda hərbi əməliyyat keçirib, torpaqları qaytarmalıdır, vəssalam. Bundan başqa yol yoxdur. Problem həll edilməlidir ki, Azərbaycan inkişaf eləsin. Qarabağ münaqişəsi Azərbaycanın inkişafının və suverenliyinin qarşısında ən böyük maneədir.
- Ermənistan niyə təxribatı Qarabağ cəbhəsində yox, məhz sərhəddə törətdi?
- Əvvəlcə Ermənistanın təxribatının səbəbinə baxmaq lazımdır. Düşmən ölkənin həm siyasi rəhbərliyi, həm də hərbi rəhbərliyi bir aydır ki, Azərbaycana hücum etmək, Bakıya hücum etmək kimi bəyanatlar verir. Sual olunur: Ermənistandan bu bəyanatlar niyə verilir? Çünki, bir ay ərzində Azərbaycanda Rusiyanın maraqlarını qoruyan vəzifəlilərə qarşı dövlət səviyyəsində proseslər aparılır. Hakimiyyətdə olan “5-ci kolon”un nümayəndələri vəzifədən uzaqlaşdırılır. Rusiyanın kəşfiyyat orqanlarının Azərbaycandakı nümayəndələri ifşa edilir. Digər tərəfdən də, son bir ay ərzində qardaş Türkiyə Cümhuriyyəti Rusiyanın maraqlarına uyğun olmayan çox ciddi işlər görür. Türkiyə tərəfindən rəsmi Moskvanın Liviyadakı, Suriyadakı maraqlarına çox ciddi zərbələr endirilib. Qardaş ölkə demək olar ki, Aralıq dənizində, Qara dənizdə hegemonluğu ələ alıb. Eləcə də, İstanbuldakı Aya Sofya muzeyi məscid edildi. Aya Sofyanın məscid edilməsi son damla oldu. Rusiya ermənilərin vasitəsilə türklərə qarşı təcavüzə cəhd etdi. Tovuz istiqamətindən təxribat etməklə bunlar demək istəyirlər ki, Dağlıq Qarabağ ermənilərin “tarixi torpaqları”dır. Öz ağılları ilə mesaj verirlər ki, “Dağlıq Qarabağa aid olmayan ərazilərinizi də işğal edə bilərik”. Bu, Rusiyanın ermənilər vasitəsi ilə Azərbaycan və Türkiyəyə mesajıdır. Türkiyə də başa düşür ki, bu təxribatın arxasında Rusiya dayanır. Rəsmi Ankara anladı ki, bu, Türkiyəyə görə Azərbaycana verilən cəzadır. Şükr Allaha ki, Azərbaycan Ordusu güclüdür, düşmənin adekvat cavabını verdi. Necə ki, Rusiya ilə Ermənistan birləşib bizə qarşı çirkin işlər görürlər, biz də Türkiyə ilə birləşib onların riyakar planlarını pozmalıyıq. Tovuzda baş verən insidentin ən böyük xeyri o oldu ki, Türkiyə Dağlıq Qarabağın dərhal Azərbaycana qaytarılması məsələsini açıq mövqe bildirərək ortaya qoydu. Eyni zamanda, rəsmi Ankara həm hərbi, həm siyasi, həm də iqtisadi gücü ilə Azərbaycanın yanında olduğunu açıq şəkildə bəyan etdi. Pakistan öz mövqeyini ortaya qoydu, Ukrayna öz mövqeyini bildirdi. Hesab edirəm ki, bizim Xarici İşlər naziri normal fəaliyyət göstərmiş olsaydı, bu gün bizi dəstəkləyən dövlətlərin, xüsusən də İslam dövlətlərinin belə bəyanatlarını görərdik. Təəssüf ki, XİN-dəkilərin əksəriyyəti xarici kəşfiyyata bağlıdır, korrupsiyaya bulaşıblar deyə, diplomatiya sahəsində Azərbaycanı müdafiə edən dövlətlərin səsi az çıxır. Halbuki, biz normal XİN-ə malik olsaydıq, bu gün bütün dünya, Avropa dövlətlərinin mütləq əksəriyyəti haqlı mövqeyimizi müdafiə edərdi.
- Tovuzda baş verən gərginlik geniş hərbi əməliyyatlara keçə bilərmi?
- Mütləq geniş hərbi əməliyyatlar başlamalıdır. Azərbaycan gözləməməlidir, dünya ictimaiyyətinin “sülh-sülh oyunu”ndan imtina edilməlidir. Ermənistan son hadisələri törətməklə açıq şəkildə göstərdi ki, onlar sülh istəmirlər. Ermənistanı başa salmağın bir yolu var ki, o da müharibədir. Müharibə istəyirlər, biz də onları müharibə yolu ilə yerlərində oturtmalıyıq. Sülh məsələsinə son qoyub, çalışmalıyıq ki, ərazilərimizi qısa müddətdə azad edək.
Daha çox xəbər:
DİN gənc müğənnilərin polisə dəstək videoçarxı hazırlamasına münasibət bildirdi
Gündəm / CəmiyyətTəbrizdə Azərbaycana dəstək aksiyası keçiriləcək
SiyasətDTX cəbhə xəttində yaranmış gərgin vəziyyətlə bağlı yalan məlumat yayanlara XƏBƏRDARLIQ etdi
Gündəm / CəmiyyətMilli Məclisin Sədri Sahibə Qafarova deputat seçildiyi dairənin seçiciləri ilə videokonfrans formatında qəbul keçirib
SiyasətÖtən gün Milli Məclisdə İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun qapalı iclasında hansı məsələlərin müzakirə olunduğu açıqlanıb.
Siyasət