Sosial
15 dekabr 2022
1 038
Türkiyəli generalın Azərbaycan müdafiə nazirinə müşavir təyin edilməsi ölkə və region üçün nə deməkdir? - İNCƏLƏMƏ...
Türkiyəli general Bahtiyar Ersayın Azərbaycan müdafiə nazirinin müşaviri təyin edilməsi Türkiyə və Azərbaycanın hərbi potensialının birləşdirilməsi istiqamətində mühüm addımdır, ekspertlər hesab edir.
Ersayın tərcümeyi-halı yüksək rütbəli hərbçi üçün qeyri-adidir: o, dövlət çevrilişinə cəhdə görə həbs olunub, sonra Türkiyə vətəndaşlarını "ərəb baharı"ndan xilas edib.
Sentyabrın 10-da türkiyəli general-polkovnik Bahtiyar Ersay Azərbaycanın müdafiə naziri Zakir Həsənovun müşaviri təyin edilib. O, təyinatdan sonra Müdafiə Nazirliyinin kollegiyasının iclasında Azərbaycan ordusunun Türkiyə Silahlı Qüvvələrinin modelinə uyğunlaşdırılması istiqamətində gördüyü işlərdən, eləcə də qarşıda duran vəzifələrdən, planlaşdırılan islahatlardan danışıb.
Məsələ burasındadır ki, hələ sentyabr ayında rəsmi Ankara 4 generalını Türkiyə silahlı qüvvələrini Azərbaycanda təmsil edən xüsusi komandanlığa təyin edib. Onlardan biri də Bahtiyar Ersay olub.
Həbsxanada yatmış general
Türkiyə mətbuatı yazır ki, general-polkovnik Bahtiyar Ersayın dramatik hadisələrlə dolu zəngin keçmişi var.
BBC News Azərbaycancanın məlumatına görə, Ersay 2011-ci ildə dövlət çevrilişinə cəhddə ittiham edilən və buna görə həbsə göndərilən zabitlərdən biri olub.
Lakin 16 illik cəzasının 3 ilini çəkdikdən sonra o, azadlığa buraxılıb və ona qarşı irəli sürülən bütün ittihamlar geri götürülüb.
Ersay Türkiyə Quru Qoşunlarının əməliyyat qərargahının rəisi vəzifəsinə təyin edilərək orduya qayıdıb.
Mətbuat onun İraq sərhədlərində separatçı Kürdüstan Fəhlə Partiyasına (PKK - Türkiyə hakimiyyətinin ənənəvi düşməni, orada terror təşkilatı elan edilib) qarşı əməliyyatlara rəhbərlik etdiyini yazır.
General Ersay həm də 2010-cu ildə "ərəb baharı" iğtişaşları zamanı 28 min soydaşının Tunisdən uğurlu təxliyəsini təşkil edən hərbçilərdən biridir.
Bəzi Ermənistan və Rusiya KİV-ləri də yazır ki, Ersay 2020-ci ilin payızında Qarabağda Azərbaycan qoşunlarının komandanlığında iştirak edib. Türkiyə o an həqiqətən Azərbaycana həm diplomatik müstəvidə, həm də silahla kömək edib.
Xüsusən də Bayraktar pilotsuz uçan aparatları zirehli texnikalara və erməni mövqelərinə hava zərbələri endirməklə Azərbaycanın döyüş meydanında üstünlük qazanmasına kömək edib.
Hələ sentyabr ayında ekspertlər BBC News Azərbaycancaya Azərbaycanda quru qoşunlarında struktur islahatlarının aparıldığını deyiblər.
Hərbi analitik Üzeyir Cəfərovun sözlərinə görə, general-polkovnik Bahtiyar Ersay bu istiqamətdə çalışacaq, o, "yalnız quru qoşunlarının" hazırlanmasında məsləhətçi rolunu oynayacaq.
Əvvəllər Azərbaycan ordusunda Türkiyədən hərbi müşavirlər olub, hərbi akademiyada azərbaycanlı kursantlara türkiyəli müəllimlər dərs deyirdi, müstəqil ekspert, Müdafiə Nazirliyinin keçmiş əməkdaşı Azad İsazadə xatırladır.
2020-ci ildə Qarabağ müharibəsi zamanı Türkiyə hərbçiləri müşavir kimi fəaliyyət göstərib. "Müdafiə nazirinin müşaviri hərbi əməliyyatlara və təlimlərə cavabdeh deyil, onun heç bir döyüş funksiyası yoxdur", - ekspert vurğulayır.
Belə olan halda, İsazadənin sözlərinə görə, nazir müşaviri rolunda Bahtiyar Ersay məhz Azərbaycan və Türkiyə ordularını vahid standarta çatdırmaq üçün məsləhətçi kimi lazımdır.
Məsələ burasındadır ki, hər iki ölkə vahid ordunun yaradılması barədə çoxdan yüksək səviyyədə danışır, ölkələr tez-tez birgə hərbi təlimlər keçirir.
Keçən il isə Azərbaycan və Türkiyə Prezidentləri birgə Şuşa Bəyannaməsini imzaladılar, ona əsasən ölkələr xarici təcavüz halında bir-birinə hərbi yardım göstərəcəklərini öhdələrinə götürblər.
BBC Türkcə yazır ki, saziş əslində biri NATO üzvü olan iki ölkə arasında hərbi əməkdaşlığı hərbi ittifaq səviyyəsinə qaldırdı.
Bahtiyar Ersay (şəkildə - ən sağda) özü bildirib ki, Azərbaycan ordusunun Türkiyə standartlarına uyğunlaşdırılması üzərində işləyir
"Ancaq bu ordularda bir-birinə uyğun gəlməyən yüzlərlə parametrlər var - bunlar taktika, rotaların, batalyonların, briqadaların, say və komandanlıq heyətinin formalaşdırılması, həmçinin silahlar, kalibrlər, radiorabitədir", - Azad İsazadə deyib.
Ekspertin fikrincə, Ersayın təyinatından sonra həyata keçiriləcək islahatların bölgəyə də təsirləri olacaq.
"Bu, vahid ordu olacaq, ehtiyacdan asılı olaraq, bu və ya digər əməliyyatlarda iştirak edəcək. Bu da Rusiya, İran və Ermənistan qarşısında birliyin nümayişidir", - cənab İsazadə bildirib.
Azərbaycanın təkcə qonşu Ermənistanla hərbi münaqişəsi yox, həm də iki qonşu ölkə - Rusiya və İranla çətin münasibətləri var.
Payızda İran Azərbaycan sərhədləri yaxınlığında hərbi təlimlər keçirib. Bundan sonra Azərbaycan və Türkiyə orduları da birgə, Bahtiyar Ersayın da iştirak etdiyi cavab təlimləri keçirib. BBC Azərbaycanca
Daha çox xəbər:
Zakir Həsənov türkiyəli generalla görüşdü
Gündəm / SiyasətTürkiyəli general XTQ-nin təlimini izlədi
Gündəm / CəmiyyətAzərbaycanın müdafiə naziri türkiyəli həmkarına başsağlığı verib
Gündəm / SiyasətHulusi Akar Azərbaycana gəlib - YENİLƏNİB
Gündəm / CəmiyyətZakir Həsənov Türkiyənin Baş Qərargah rəisi ilə görüşdü
Gündəm / Cəmiyyət