Cəmiyyət
29 may 2024
0
BİZİM TƏQVİM: 29 mayda dünyada NƏLƏR olub?
29 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Antanta dövlətlərinin təzyiqi ilə qədim Azərbaycan şəhəri olan İrəvanı ətrafındakı təqribən 9,5 min kvadratkilometr torpaqla birlikdə ermənilərə güzəştə gedib. Bununla da Şimali Azərbaycan torpağında - keçmiş İrəvan xanlığının ərazisində erməni dövləti yaradılıb.
Xatırladaq ki, Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrinə əsasən, çar Rusiyası İran və Osmanlı imperiyası ərazisində yaşayan ermənilərin kütləvi surətdə Şimali Azərbaycan torpaqlarına, əsasən İrəvan, Naxçıvan, Qarabağ xanlıqlarının ərazisinə və indiki Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrinə köçürülməsinə başlayıb. 1828-ci il fevralın 26-dan iyunun 11-dək İrandan İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazisinə 8249 erməni ailəsi (40 min nəfər), bundan az sonra isə Osmanlı dövləti ərazisindən Şimali Azərbaycan torpaqlarına 90 min nəfərdən çox erməni köçürülüb.
Bəs, mayın 29-da dünyada daha hansı hadisələr baş verib?
1. 1176-cı il 29 mayda Milanın yaxınlığındakı Lenyano şəhəri ətrafında gedən döyüşdə italiyalılar Roma imperatoru I Fridrix Barbarossanın qoşunlarını darmadağın etdilər. İtaliya tarixinin bu əlamətdar hadisəsi şərəfinə bəstəkar Cüzeppe Verdi “Lenyano ətrafında döyüş” operasını yazıb.
2. 1453-cü il mayın 29-da Osmanlı Sultanı Mehmet Şərqi Roma, o cümlədən Bizans imperiyalarının min illik tarixi paytaxtı olmuş Konstantinopolu fəth etdi. Bu zəfərdən sonra o, Fateh Sultan Mehmet adını qazandı, Konstantinopol isə İstanbul adlandırıldı. İstanbulun fəthi ilə Orta əsrlər sona çatdı.
3. 29 may 1555-ci ildə Səfəvi dövləti ilə Osmanlı imperatorluğu arasında Amasya sülh müqaviləsi imzalanıb. Səfəvi-Osmanlı müharibəsinin (1514-1555) birinci mərhələsi başa çatıb. Qərbi Gürcüstan (İmeretiya, Meqreliya, Quriya) Osmanlının, Gürcüstanın şərq vilayətləri və Qərbi Azərbaycan (indiki Ermənistan), eləcə də şimallı-cənublu bütün Azərbaycan torpaqları Səfəvi dövlətinin tərkibinə keçib.
4. 1963-cü ilin 29 mayında Pakistanda güclü qasırğa baş verib. Təbii fəlakət nəticəsində 10 min nəfər həyatını itirib.
5. 29 may 1873-cü ildə çar Rusiyası Xivə xanlığını özünə birləşdirib. Bir qədər əvvəl Buxaranın işğalı hərbi toqquşmalarla müşayiət olunsa da, Xivənin ələ keçirilməsinə yerli əhali faktiki müqavimət göstərmədi.
6. 1948-ci il mayın 29-da BMT Təhlükəsizlik Şurasının qərarı ilə ilk sülhməramlı xidmət təşkil olundu.
7. 2002-ci ildən başlayaraq 29 may Beynəlxalq Sülhməramlılar Günü kimi qeyd edilir.
8. 29 may 1953-cü ildə Yeni Zelandiya alpinisti Edmund Hillari və Nepaldan olan Tenzinq Norqay Everest zirvəsinə (8850) qalxan ilk insanlar oldular.
9. 1985-ci ilin 29 mayında Avropa Çempion Klublar Kuboku uğrunda “Liverpool” ilə “Juventus” arasında Belçikanın Heysel stadionunda oynanılan final matçında ingilis xuliqanları italıyalı azarkeşlərə hücum etdilər. Tribunanın çökməsi nəticəsində çoxu İtaliyadan olmaqla 41 nəfər həyatını itirdi. Buna baxmayaraq, matç axıradək oynanıldı və kuboku “Juventus” qazandı. İngiltərənin o zamankı baş naziri Marqaret Tetçerin tələbi ilə UEFA “Liverpool”u 5 il müddətinə Avropa kuboklarından uzaqlaşdırdı.
10. 29 may 1993-cü ildə neonasistlər Almaniyanın Solingen şəhərində yaşayan bir Türkiyə ailəsinin evini yandırdı. "Solingen faciəsi” olaraq xatırlanan bu yanğında beş türk həyatını itirdi.
29 mayda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.
1. Bu gün Azərbaycanın tanınmış incəsənət xadimi, böyük teatr rəssamı Nüsrət Fətullayevin anadan olmasının ildönümüdür. O, uzun illər Azərbaycan Dövlət Dram Teatrında baş rəssam olaraq çalışıb, onlarla tamaşaya tərtibat verib. (1913-1988)
2. Azərbaycanın igid oğlu İsrafil Məmmədov 1919-cu il 29 mayda Gəncədə dünyaya gəlib.
İkinci Dünya Müharibəsi zamanı faşist işğalçılarına qarşı döyüşlərdə dəfələrlə mərdlik və qəhrəmanlıq göstərən İ.Məmmədov 1941-ci il dekabrın 3-də Novqorod yaxınlığındakı Pustınka kəndində baş vermiş amansız savaşda şəxsən özü 70 faşist əsgəri və 3 zabitini məhv edib. Bu hünərə görə İsrafil Məmmədova Sovet İttifaqı Qəhrəmanı adı verilib. (1919-1946)3. Azərbaycan neft yataqlarının ilk kəşfiyyatçılarından olan tanınmış neft ustası Yusif Kərimov 1925-ci ilin bu günü anadan olub. 1963-cü ildə onun başçılığı ilə Səngəçal-Duvannı dəniz neft yataqları, 1970-ci ildə isə Muradxanlı yatağı kəşf edilib. (1925-1995)
4. 29 may Azərbaycanın tanınmış rəssam və aktyoru Elçin Məmmədovun doğum günüdür. Bakı və Moskva dövlət muzeylərində dəfələrlə sərgiləri keçirilən rəssam 100-dən çox əsərə, o cümlədən, “Dədə Qorqud”, “Koroğlu”, “Azərbaycan nağılları”, “Xəyyam” kitablarına tərtibat verib. Həm də istedadlı aktyor olan Elçin Məmmədov “Yeddi oğul istərəm”, “Dədə Qorqud”, “Dantenin yubileyi”, “Çətirimiz buludlardır” filmlərində yaddaqalan obrazlar yaradıb. (1946-2001)
5. 29 may 1874-cü ildə İngilis yazıçısı, filosof, jurnalist Gilbert Çesterton (1874-1936) anadan olub. Əsərləri: “Əbədi insan”, “Şar və xaç”, “Uçan meyxana” və s.
6. 29 may 1953-cü ildə Rusiyanın Xalq artisti Aleksandr Abdulov (1953 – 3.1.2008) anadan olub.
Bizim.Media
Daha çox xəbər:
Koreyalı professor: Ermənistan KTMT-dən dəstək almaq üçün Gəncəni bombalayır
Gündəm / Siyasət / DünyaBu gün -28 May – Müstəqillik Günümüzdür
Gündəm / SiyasətAzərbaycanlıların kütləvi deportasiya və soyqırımına məruz qoyulması faktları əsasında cinayət işi başlanıb
Gündəm / CəmiyyətErmənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımından 104 il ötür
Gündəm / HadisəDiaspor təşkilatları beynəlxalq ictimaiyyəti 31 mart soyqırımına hüquqi-siyasi qiymət verməyə çağırıb
Gündəm / Siyasət