Gündəm / Cəmiyyət
06 iyul 2023
0

Özlərini hamıdan ağıllı bilirlər - Deputat etiraz etdi


“Konstitusiya Məhkəməsi haqqında” qanun layihəsini hazırlayan adamlar özlərini hamıdan ağıllı bilirlər.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında bildirib.

Deputat çıxışı zamanı sözügedən qanun layihəsi ilə bağlı iradlarını diqqətə çatdırıb:

“Mən komitə iclasında geniş çıxış elədim və əsaslandırmağa çalışdım, konstitusiyanı da oxudum, amma xeyri olmadı. Birinci oxunuşda konstitusiyanı oxudum, yenə faydası olmadı. Ona görə də bunu təkrarlamaq istəmirəm. Mən çıxış yolunu nədə görürəm? Düzü, mən hər zaman söyləmişəm ki, qanunların, xüsusilə parlament və hökumət tərəfindən pozulması vətəndaşlarda qanunlara qarşı hörmətsizlik yaradır. Ona görə də, elə qanunlar qəbul edək ki, onu icra edə bilək. Konstitusiyanı pozmaqdansa, referendum aktı keçirək, konstitusiyanın fəaliyyətini onu tez-tez pozmaqdansa, hansısa müddətə dayandıraq. Bu məsələ ilə bağlı bəlkə qapalı müzakirələrə ehtiyac var ki, deputatlarn qaldırdığı məsələlərə, bu layihəni hazırlayan adamlar hansısa formada əsalandırılmış reaksiyalar verməldirlər. İzahat verməlidirlər ki, niyə konstitusiyada belə qeyd olunur, amma siz başqa cür yazırsınız. Bunun bir izahı olmalıdır".

"Açıq söyləyirəm ki, bu izahatı vermirlər. Bir dəfə bildirmişdilər ki, “biz, cənab Prezidentə bu formada müraciət etmişik, təkrar deyə bilmərik ki, bu məsələ bizim diqqətimizdən qaçıb. Yaxud konstitisuyaya diqqət yetirməmişik və ya konstitusiyanı qəsdən pozmuşuq. Ona görə də bu cür səsə qoyacaqsınız və qəbul edəcəksiniz. Ola bilsin ki, bir az sərt formada deyirəm, yanaşma bundan ibarətdir. Bu yanaşma dəyişməlidir. Bir dəfə mən zoom müşavirə keçiriləndə söylədim ki, yanaşma dəyişməldir. Çox təəssüf ki, yanaşma dəyişmir və bu layihəni hazırlayan adamlar özlərini hamıdan ağıllı bilirlər. Parlamentdə yüzlərlə insan var, ağıl-ağıldan üstündür. Ona görə kollegial müzakirələr keçirilir ki, birinin diqqətindən yayınan məsələ başqasının ağlına gəlir. Amma çox təəssüf ki, bizə münasibət heç də ürəkaçan deyil və bu münasibət dəyişməlidir. Açıq şəkildə konstitusiya qanunlarına zidd normaların parlamentə göndərilməsi praktikasına son qoyulmalıdır”,- deyə deputat vurğulayıb.