Gündəm / Cəmiyyət
25 iyul 2023
0
Ödənişli parkinqlərlə bağlı sürücülərə - Müraciət

Ödənişli parklanma ilə bağlı Bakıda infrastruktur işlərinə başlanılıb.
Milliinfo.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, Bakı şəhərinin mərkəzi ilə kənar yaşayış məntəqələrində yerləşən parklanma yerlərinə görə qiymətlərin diversifikasiyasını ehtiva edən qərara əsasən Bakı şəhəri üzrə 5 parklanma zonası müəyyən edilib və ödənişlər hər zonaya uyğun tətbiq edilir: “4-cü parklanma zonasına daxil edilən ərazilərdə parklanma ödənişsizdir. Eyni zamanda qaydalara əsasən, digər zonalarda nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-dək, eləcə də həftənin bazar günləri ödəniş tələb olunmur. Təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalarda yaşayan sakinlər də müraciət edərək fərdi parklanma talonları ala və həmin parklanma yerlərindən ödənişsiz istifadə edə bilərlər”.
Bildirilib ki, 25 iyul tarixində qüvvəyə minən qərarın icrası ilə bağlı tədbirlər mərhələli qaydada həyata keçirilir: “Artıq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən bu istiqamətdə işlərə başlanılıb. Görülən tədbirlər çərçivəsində mərkəz və 1-ci zonaları əhatə edən ərazilərdə infrastruktur işləri – yol nişanlarının quraşdırılması və nişanlanma xətlərinin təşkili həyata keçirilməkdədir.
Əvvəlcədən də qeyd olunduğu kimi, ödənişlər nağdsız formada mobil tətbiq, sms və ödəmə terminalı vasitəsilə həyata keçiriləcək. Tətbiq artıq hazırdır və yaxın günlərdə istifadəyə veriləcək. Proses başa çatdıqdan sonra ödənişli parklanmanın tətbiqinə ilkin olaraq mərkəz və 1-ci zona olmaqla mərhələli şəkildə başlanılacaq. Ödənişli parklanmanın tətbiq ediləcəyi hər bir küçə barədə əvvəlcədən məlumatlandırmanın həyata keçirilməsi nəzərdə tutulub. Parklanma yerlərində müəyyən olunmuş parklanma qaydalarına riayət olunması, ödəmələrin həyata keçirilməsinə nəzarət, o cümlədən ərazidə maarifləndirmə və məlumatlandırma məqsədilə nəzarətçilər, eləcə də “Nəqliyyat Könüllüləri” prosesə cəlb olunacaq”.
Vurğulanıb ki, yeni qaydalar tətbiq olunana qədər küçə parklanma yerlərindən istifadəyə görə sürücülərdən hər hansı bir ödəniş tələb oluna bilməz: “Sürücülərə bunu nəzərə almalarını və qanunsuz ödənişlər etməməyi tövsiyə edirik”.

Daha çox xəbər:

Bazar günləri avtomobilin parklanması pulsuz olacaq
Gündəm / Cəmiyyət
Parklanmaya görə ödənişin məbləği təsdiq EDİLDİ
Gündəm / Cəmiyyət
Yol kənarındakı binaların sakinlərinə şad xəbər - Pulsuz parklanma icazəsi
Gündəm
Prezident tapşırıq verdi - Qanunsuz parkinq ləğv olundu
Gündəm / Siyasət
Bu küçədə 138 avtomobil üçün parklanma yeri təşkil edildi - VİDEO
Gündəm / Şou