Gündəm / Cəmiyyət
20 oktyabr 2023
2

"Qardaşlıq ruhunu qorumaqla böyük uğurlara imza atacağıq" - Ərdoğan


Türk Dövlətləri Təşkilatı çərçivəsində gördüyümüz hər bir işə böyük önəm və dəyər veririk. Türk dünyası olaraq səhiyyədən müdafiəyə, təhsildən energetikaya qədər geniş bir sahədə əməkdaşlığımızı daim təkmilləşdiririk. Fevralın 6-da Türkiyədə baş verən zəlzələlərdən sonra türk dövlətlərindəki qardaşlarımızın millətimizlə həmrəyliyini unutmadıq və unutmarıq. Aramızdakı qardaşlıq ruhunu qoruyub saxladıqca böyük uğurlara imza atacağımıza inanıram.

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Tibb Dünyası IX Qurultayı və “Əziz Sancar” elm, xidmət və təşviq mükafatlarının təqdimetmə mərasiminə göndərdiyi videomesajda ifadə edib.

Qurultayın Türk dövlətləri arasında səhiyyə sahəsi üzrə əməkdaşlıq potensialının tam səfərbər olunmasında çox mühüm rol oynadığını qeyd edən Türkiyə Prezidenti bildirib ki, getdikcə artan və 2030-cu ilədək 1,5 trilyon dollarlıq büdcəyə çatacağı gözlənilən süni intellekt texnologiyaları həyatımızın hər sahəsinə təsir edir. Səhiyyədə süni intellekt mövzusunda ediləcək təqdimat və müzakirələrin hamımızın dünyagörüşünü genişləndirəcəyi şübhəsizdir.

Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Bu il “Sağlam süni intellekt” mövzusunda keçirilən qurultayda beynəlxalq layihələrin təqdimatları, elmi şəbəkələrin qurulması istiqamətində müzakirələr aparılacaq.