Gündəm / Cəmiyyət
14 fevral 2024
0

Direktor hiddətləndi: “Bu hadisədə məktəbin adını niyə çəkirsiniz?!”



“İki gün öncə bir yeniyetmə qız axşama doğru evdə anasıyla sözləşib, qapını örtüb, çıxıb gedib. Yəni hadisə ailə-məişət zəminində, evdə baş verib. Ana da narahat olub, polisə şikayət edib. Düz də edib. Polis araşdırıb, bəlli olub ki, qız gecəni öz rəfiqəsinin evində qalıb. Dəhşətli, qorxunc nəsə baş verməyib. Adi bir ailə-məişət məsələsidir

Amma... İş ondadır ki, polis bununla bağlı məlumatı ictimailəşdirəndə uşağın adını tam açıqlamaq, eyni zamanda oxuduğu məktəbi dəxli olmadan ayrıca vurğulamaq zərurəti duyub”.

Modern.az-ın məlumatına görə, bunu həmin yeniyetmənin təhsil aldığı 3 nömrəli tam orta məktəbin direktoru Almaz Həsrət bildirib.

Direktor deyib ki, məktəbin adı, təhsil sistemi gərəksiz yerə hallandırılmamalıdır!

“Gözünə döndüyümüz “peşəkar jurnalistlər” də eləməyib tənbəllik, həddi-buluğa çatmamış qızın ad-soyadını, məktəbini açıq şəkildə yazıblar...

Nəticədə direktoru olduğum 3 nömrəli tam orta məktəbin adı heç dəxli olmadan hallanmağa başlayıb. Ümumiyyətlə isə təhsilə, məktəbə dəxli olmayan bir hadisəyə görə yenə də təhsil sistemi, məktəb müzakirə və neqativ hücum obyektinə çevrilib.

İndi çox hörmətli polislərimizdən soruşuram: dəxli olmayan bir hadisəyə görə məktəbin adını da deməyiniz hansı səbəbdən qaynaqlanır? Ümumiyyətlə, nədir sizin marağınız ki, məktəbə dəxli olmayan bir hadisəyə görə gərəksiz və sizdən istənilməyən məlumatı yayırsınız?”, - deyə direktor etiraz edib.

A.Həsrət polisə etirazını davam etdirərək vurğulayıb:

“Doğrudanmı siz, hüquq mühafizəçiləri bilmirsiniz ki, həddi-buluğa çatmamış şəxslərin adları tam açıqlana bilməz? Niyə o qızcığazın adını tam olaraq mətbuata ötürmüsünüz?

Daha bir sualım da mediayadır: yəni bu qədər duyğusuzsunuz ki, ailəsində hansısa anlaşılmazlıq yaşayan bir qız uşağının adını olduğu kimi yayırsınız?”.

Direktor Daxili İşlər Nazirliyi yanında İctimai Şuradan və Mətbuat Şurasından məsələyə münasibət, diqqət gözlədiyini qeyd edib:

“İndi hansısa uşaq haradasa bir əməl törətsə, ailəsində problem yaşasa, mütləq gərək təhsil sisteminin adını hallandırmalısınız?

Yeri gəlmişkən, o adını faş etdiyiniz uşağın yerində bir gün sizin uşağınızın olmayacağına da heç kim təminat verə bilməz. Uşağınızla bağlı belə xəbərlər bu qədər çılpaqlıqla yayımlansa, xoşunuza gələcəkmi?".