Gündəm / İdman
06 mart 2024
1

Azərbaycan dünya çempionatına dəvət olunub

 
Azərbaycan dünya çempionatına dəvət olunub


Aprelin 6-7-də Gürcüstanın Qudauri xizək kurortunda ilk dəfə olaraq Beynəlxalq Xizək və Snoubord Federasiyasının himayəsi altında gənclər arasında snoubord üzrə dünya çempionatı keçiriləcək.

Bu barədə Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyindən məlumat verilib. Bildirilib ki, Gürcüstan Qudauridə snoubord kross növü üzrə Dünya Kuboku mərhələsini uğurla keçirdikdən sonra 21 yaşadək idmançılar arasında çempionata ev sahibliyi etmək hüququ qazanıb. Beynəlxalq Xizək Federasiyası qeyd edib ki, Qudauri həm infrastruktur, həm də təşkilati məsələlər baxımından bütün standartlara uyğundur.

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Mariam Kvrivişvilinin sözlərinə görə, beynəlxalq turnirlərin keçirilməsi dağlıq rayonlarda turizm sənayesinin güclənməsinə və iqtisadi inkişafına müsbət təsir göstərir.

Nazirlikdən onu da bildiriblər ki, çempionata Azərbaycandan da qonaqlar dəvət olunub.

Qeyd edək ki, gənclər arasında snoubord üzrə dünya çempionatı ilk dəfə 1997-ci ildə İtaliyada keçirilib. Bundan sonra mötəbər turnirin ev sahibləri İspaniya, Fransa, Almaniya, Avstriya, İsveçrə və İsveç olub.