Gündəm / Təhsil
05 aprel 2024
0

ABŞ universitetinə qəbul alan Mehdi təhsilhaqqını ödəyə bilmir

ABŞ universitetinə qəbul alan Mehdi təhsilhaqqını ödəyə bilmir

Bir müddət öncə ABŞ-nin ən nüfuzlu universitetlərindən olan Dreksl Universitetinə qəbul alan Mehdi Məmmədov təhsil xərclərini ödəyə bilmir.

Bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib. Məsələ ilə bağlı ətraflı məlumat əldə etmək üçün Mehdinin özü ilə əlaqə saxladıq.

Kompüter elmləri sahəsi üzrə qəbul alan tələbə bildirdi ki, Dreksl Universitetində maksimim verilən təqaüd 35 700 dollar olduğu üçün, yerdə qalan xərcləri ödəmək onlar üçün çətindir: “Atam bərbər kimi fəaliyyət göstərir, anam isə evdar xanımdır. Ümumilikdə məbləğ 86 000 dollardır. Bütün xərclər, yataqxana, yemək, kitablar və sairə bu ödənişə aiddir. Bizə yerdə qalan 51 000 dolları ödəmək üçün köməklik lazımdır. Mayın 1-nə qədər bu məbləği toplamalıyıq”.

Mehdi bildirir ki, bir neçə yerə müraciət etsə də, hələ müsbət cavab almayıb. Dövlət Proqramında Amerika universitetlərinin olmaması da onların işini çətinləşdirir.

Qeyd edək ki, Mehdi Məmmədov 5 proqramlaşdırma və kodlaşdırma dili bilir. 2 il Respublika İnformatika Olimpiadası finalçısı olub. Amerika Səfirliyinin dəstəklədiyi Bakı Amerika Mərkəzində könüllü proqramlaşdırma müəllimi kimi dərslər verib. İştirak etdiyi müsabiqə və yarışlarda qızıl, gümüş medallar qazanıb.

Mehdi ilə yanaşı onunla eyni məktəbdə, eyni sinifdə oxuyan bacısı Qəndab Məmmədova Harvard Universitetindən Astrofizika sahəsi üzrə qəbul alıb.