Gündəm / İdman
26 aprel 2024
0

AFFA İntizam Komitəsinin Premyer Liqanın XXXI turu ilə bağlı qərarları açıqlanıb


 
AFFA İntizam Komitəsinin Azərbaycan Premyer Liqasının XXXI turu ilə bağlı qərarları açıqlanıb.

Qurumun bu gün baş tutan iclasında 5 oyunda qeydə alınan qayda pozuntuları müzakirə mövzusu olub.

“Turan Tovuz” – “Sumqayıt” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimə edilib. Matçın birinci hissəsi bitdikdən sonra “Turan Tovuz”un azarkeşləri tərəfindən meydana kənar əşya atıldığından klub 800 manat cərimə olunub. Qarşılaşma bitdikdən sonra meydana kənar şəxslər daxil olduğu üçün bölgə təmsilçisi 800 manat ziyana düşüb. “Sumqayıt” klubu isə 4 futbolçusu sarı vərəqə aldığından 700 manat cərimələnib.

“Qarabağ” – “Qəbələ” oyununun 66-cı dəqiqəsində azarkeşləri pirotexniki vasitədən istifadə etdiyi üçün Ağdam təmsilçisi 1500 manat cərimə edilib.

“Zirə” – “Neftçi” matçının 67-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Ceyhun Nuriyev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klubu isə 500 manat cərimələnib. "Zirə" görüş bitdikdən sonra meydana kənar şəxs daxil olduğuna görə isə 800 manat cərimə ödəyəcək.

“Kəpəz” – “Sabah” görüşünün 87-ci dəqiqəsində azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə Gəncə klubu 1000 manat cərimələnib.

“Araz-Naxçıvan” – “Səbail” oyunu bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə bölgə təmsilçisi 800 manat cərimə edilib.