Gündəm / Cəmiyyət
13 may 2024
0

Toyuq əti bahalaşacaq? – MÜHÜM AÇIQLAMA


Türkiyədə toyuq ətinin qiyməti 200 faiz həcmində bahalaşıb. Bunun qarşısını almaq üçün hökumət müəyyən addımlar atmağa başlayıb. Belə ki, Ticarət Nazirliyi quş ətinin ixracına müvəqqəti qadağanı nəzərdə tutan yeni qanun hazırlayıb.

Bəs, Türkiyədə ixraca qadağa qoyuluşu Azərbaycanın toyuq əti bazarına necə təsir edəcək?

Suala Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İctimai Birliyinin sədri Mürvət Həsənli aydınlıq gətirib. O bildirib ki, Türkiyədə toyuq əti deyildiyi qədər bahalaşmayıb:

“Sadəcə lirənin dəyərdən düşməsi hesabına quş yeminin qiyməti lirəyə nisbətdə qalxıb. Əgər bir il əvvəl toyuq ətinin bir kiloqramı 40 lirə idisə, hazırda diri çəkidə 75, doğranmış şəkildə isə 90 lirəyə kimidir. O ki qaldı Türkiyədəki qiymət artımının Azərbaycan bazarına təsirinə, Türkiyədəki qiymət artımı bizim bazara heç cür təsir edə bilməz. Çünki biz Türkiyədən toyuq əti idxal etmirik. Azərbaycana toyuq əti idxalı əsasən Belarus, Ukrayana və Rusiyadan edilir”.

Mürvət Həsənli onu da əlavə edib ki, hazırda Azərbaycanda bir kiloqram toyuq ətinin topdansatış qiyməti 4,2-4,6 manat arasında dəyişir:

“Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən eyni qiymətdir. Bəzi firmalarda 1-2 faiz bahalaşma var. Ümumilikdə isə son bir ildə ciddi bir qiymət artımı baş verməyib. Onu da deyim ki, ölkəmizdə kifayət qədər toyuq əti istehsal olunur. Ölkənin illik toyuq əti ehtiyacı 160 min tondur. Bunun da 130 min tona qədərini yerli fabriklər istehsal edir. Tələbatın qalan hissəsi isə idxal hesabına ödənilir”.

Bizim.Media