Gündəm / Dünya
23 may 2024
0

Türkiyə Qara dəniz şelfində yeni kəşfiyyat quyusu qazmağa başlayıb


Türkiyə Qara dənizdə yeni qaz yataqlarının axtarışı üçün yeni kəşfiyyat quyusu qazmağa başlayıb.

Bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Fatih” qazma gəmisi Sakarya qaz yatağındakı “Göktepe-2” quyusunda yeni quyu qazmağa başlayıb. Bir tərəfdən qaz hasilatını artırarkən, digər tərəfdən biz yeni sahələrdə kəşfiyyatı davam etdirəcəyik”, - nazir qeyd edib.

“Sakarya” qaz yatağı Türkiyə sahillərindən 150-170 km aralıda Qara dəniz şelfində yerləşir.

İlkin mərhələdə bu yataqdan sutkada təqribən 10 milyon kubmetr və ya ildə 3,4 milyard kubmetrdən 4 milyarda qədər qaz hasil edilməsi planlaşdırılır.

2028-ci ilə qədər gündəlik hasilat 40 milyon kubmetrə (ildə 15 milyard kubmetr) çatmalıdır.