Gündəm / Dünya
27 avqust 2024
0
Gərginləşən Türkiyə-Suriya münasibətləri: ABŞ "suları bulandırır" - TƏHLİL
Türkiyənin son illərdəki xarici siyasətində əsas istiqamətlərdən biri bir neçə dövlətlə, o cümlədən Suriya ilə münasibətlərin normallaşması prosesidir. Rəsmi Ankara bunun üçün Suriyadakı Bəşər Əsəd rejimi ilə müəyyən dialoqlara can atır. Ümumiyyətlə, tərəflər arasında əlaqələr mürəkkəb xarakterə malikdir.
2011-ci ildə Suriyada vətəndaş müharibəsinin başlanması Türkiyə ilə münasibətlərə təsir edən əsas məqamlardan idi. Belə ki, məhz bu hadisədən sonra tərəflər arasında diplomatik münasibətlər minimum həddə çatdı. Vətəndaş müharibəsi başlayandan sonra Türkiyə Suriyadakı səfirini geri çağırmış, ölkədəki diplomatik fəaliyyətlərini təxirə salmışdı. 2012-ci ildə Türkiyə hökuməti suriyalı diplomatları ölkədən qovmuşdu.
Əslində, tərəflər arasında gərginliyin təxminən bir əsr yaşı var. Belə ki, 1930-cu ildən etibarən Suriyanın Türkiyənin Hatay şəhərinə iddiası ilə başlayan gərginlik Cənub-Şərqi Anadolu layihəsinin qüvvəyə minməsi nəticəsində ortaya çıxan "su anlaşılmazlıqları" ilə daha da artmışdı. Bundan sonra Suriya hökumətinin PKK, ASALA kimi terrorçu qruplaşmalara dəstəyi ilə mövcud gərginlik ən maksimal həddə çatmışdı. 1998-ci ilin oktyabr ayında Suriya hökumətinin PKK lideri Abdullah Öcalanı deportasiya etməsi ilə tərəflər arasında əsən “sərin küləkləri" qismən səngitmişdi. Amma bu, çox çəkmədi. Suriyada vətəndaş müharibəsi vaxtı Türkiyənin Azad Suriya ordusuna dəstəyi səbəbi ilə iki ölkə arasındakı münasibətlər yenidən gərginləşmiş və diplomatik əlaqələr dayandırılmışdı.
2012-ci ildə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-4 döyüş təyyarəsi Suriya tərəfindən vurulmuşdu. Həmin ildə Suriyadan Türkiyə ərazisinə top mərmisi atılmışdı. 2013-cü ildə isə Suriya Silahlı Qüvvələrinə məxsus Mi-17 helikopteri sərhədi keçdiyinə görə türk qırıcıları tərəfindən vurulmuşdu.
Göründüyü kimi, tərəflər arasında ikitərəfli əlaqələr ziqzaqvari xarakter daşıyır, enib-qalxan tendensiya ilə inkişaf edir. Lakin nəzərə almaq lazımdır ki, müasir geosiyasətdə dövlətlər arasında əlaqələr təkcə ikitərəfli xarakter daşımır, həm də regional və qlobal siyasətə təsir edir.
Çox güman, son zamanlar Türkiyənin Bəşər Əsəd rejimi ilə əlaqələri normallaşdırmağa can atması həm də bununla bağlıdır. Əslində, bu istiqamətdə müəyyən irəliləyiş əldə olunmuşdu. Lakin “gizli əllər” işə düşdü. Belə ki, B.Əsəd Türkiyə ilə dialoqdan imtina edib. Bildirilib ki, B.Əsəd dialoq üçün şərtlər irəli sürüb.
O, Türkiyənin Suriya torpaqlarından çıxmasının zəruriliyini ifadə edib. Halbuki bundan əvvəl B.Əsədin Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşə biləcəyi barədə məlumat yayılmışdı.
Rəsmi Ankaranın Bəşər Əsəd hakimiyyəti ilə münasibətlərinin normallaşmasında Rusiya da xüsusi rol oynayır. Çünki münasibətlərin normallaşması həm Ankaranın, həm də Moskvanın maraqlarına uyğundur. Bu, perspektivdə ABŞ-nin Suriyadakı təsir imkanlarının azaldılması və hər iki dövlətə qarşı mümkün təhdidlərin azaldılması deməkdir.
Bəşşar Əsəd
Suriyadakı Bəşər Əsəd rejimi ilə Türkiyə arasındakı münasibətlərin normallaşması həm də Türkiyəyə qarşı Suriyadakı terrorçuların təhdidinin zəifləməsi deməkdir.
Məlum olduğu kimi, uzun illərdir ki, Suriyanın şimalındakı PKK, YPG kimi terror təşkilatları vasitəsilə Türkiyəyə təzyiq edilir. İndiki məqamda rəsmi Ankaranın Bəşər Əsəd rejimi ilə münasibətləri normallaşdırması həm də terrora qarşı mübarizədə Türkiyənin əlini gücləndirə bilər.
Mümkündür ki, Türkiyənin öz maraqlarını təmin etməsini istəməyən bəzi qüvvələr hazırda “dirijorluq” rolunu oynayırlar. İstisna deyil ki, məhz “görünməz əllər” Bəşər Əsəd rejimi ilə Türkiyə arasında münasibətlərin normallaşmasına mane olmaq istəyir.
Xatırlatmaq yerinə düşər ki, son zamanlar ABŞ Suriyadakı terrorçulara dəstəyi artırıb. Oradakı terrorçulara hərbi texnika, o cümlədən silah-sursat göndərilir.
Son zamanlar Suriyadakı terrorçuların silahlandırılması da məhz destruktiv xarakter daşıyır və birbaşa olaraq Türkiyənin maraqlarını təhdid edir. İş orasındadır ki, bu proses Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşması istiqamətində addımların atılması dövrünə təsadüf edir.
B.Əsədlə R.T.Ərdoğan arasında görüşün gözlənildiyi bir vaxtda yenidən gərginliyin yaranması təsadüfi deyil.
Görünən odur ki, ABŞ Türkiyə ilə Əsəd rejimi arasında münasibətlərin normallaşmasını istəmir və mümkün qədər bu prosesə mane olmağa çalışır.
Əlbəttə, Ankara mümkün qədər Vaşinqtonun bu oyununu pozmağa çalışacaq. Bunun üçün isə terrorçulara qarşı mübarizə yeni mərhələyə qədəm qoymaqla yanaşı, həm də Əsəd rejimi ilə diplomatik münasibətlərin bərpası istiqamətində səylər güclənə bilər.(Report)
Daha çox xəbər:
ABŞ-nin PKK "oyunu": Suriyada ara qarışır, Rusiya-Türkiyə əməkdaşlığı güclənir - ŞƏRH
Gündəm / SiyasətƏrdoğan və Bəşər Əsəd görüşə bilər
Siyasət / DünyaƏrdoğan: Türkiyə münasibətləri normallaşdırmaq üçün Suriya ilə dialoqa hazırdır
Gündəm / DünyaMetin Gürak və Mark Milli Suriyanı müzakirə etdi
Gündəm / DünyaTürkiyə və Yunanıstan arasında gərginlik var, koronavirus epidemiyası zamanı Qurban bayramını necə keçirməli?
Siyasət / Dünya