Gündəm / Cəmiyyət
23 noyabr 2021
27

"4-cü doza vaksinasiya barədə danışmaq tezdir" - Hande Harmancı

"4-cü doza vaksinasiya barədə danışmaq tezdir" - Hande Harmancı

4-cü doza vaksinasiya barədə danışmaq hələ ki, tezdir, çünki dünyada bir sıra kasıb dövlətlər üçün peyvəndlər hələ də əlçatan deyil.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, hazırda bütün dünyada yeni növ koronavirus (COVID-19) infeksiyası ilə ən güclü mübarizə üsulu vaksinasiyadır. Azərbaycan koronavirus əleyhinə peyvəndləmə prosesinə ilkin başlayan dövlətlərdəndir.

"Ölkədə iki doza vaksin olunanların sayı 40 faizi üstələyib. Lakin burada önəmli olan neçə faizin vaksin olunmadığı deyil, kimlərin vaksin vurdurmamasıdır. Xüsusilə risk qrupuna daxil olan yaşı 60-dan yuxarı olanlar, xroniki xəstəliklərdən əziyyət çəkənlər və səhiyyə işçiləri mütləq peyvəndləmədən keçməlidirlər. Həmçinin onu da qeyd edim ki, xüsusilə iki doza vaksinin alınması şərtdir. Bu gün Prezident İlham Əliyevin də mübarizə apardığı "peyvənd millətçiliyi" prinsipinə əsasən, 4-cü doza vaksinasiya barədə danışmaq hələ ki, tezdir, çünki dünyada bir sıra kasıb dövlətlər üçün peyvəndlər hələ də əlçatan deyil",- deyə o bildirib.

H.Harmancı həmçinin qeyd edib ki, viruslara qarşı antibiotiklərin hər hansı müsbət təsiri yoxdur. Yalnız vaksinasiya olunaraq və gigiyenik qaydalara əməl edərək koronavirusdan qorunmaq mümkündür.

"Təəssüf ki, dünyada COVID-19-a yoluxanların 75 faizindən çoxu antibiotiklərdən istifadə edir. Bu, çox yanlışdır. Koronavirusa təsir etməyən antibiotiklərin həkim təyinatı olmadan istifadəsi gələcəkdə həmin preparatlara qarşı davamlılığın yaranmasına səbəb olur. Ona görə də həkim təyinatı olmadan vətəndaşların özbaşına antibiotik qəbul etməsi doğru deyil",- deyə o vurğulayıb.