Gündəm / İqtisadiyyat
18 mart 2022
32

Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA

Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA


"Mərkəzi Bankın uçot dərəcələrini 0,25% artırmasının iqtisadiyyata ciddi bir təsiri olacağını düşünmürəm, çünki bizdə Mərkəzi Bankın uçot dərəcəsi ilə makroiqtisadi göstəricilər arasında birbaşa korrelyasiya olduqca azdır".

Bunu "Unikal"a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib. O bildirib ki, bu qərarla Mərkəzi Bank infilyasiya proseslərini yumşaltmağa çalışır:

"Mərkəzi Bank likvidliyi azaldır, dövriyyədə olan manatı bahalaşdırır. Mərkəzi Bank bununla inflyasiyaya təsir edə biləcəyini düşünür. Praktika isə onu göstərir ki, Azərbaycanda uçot dərəcəsi ilə inflyasiya arasında birbaşa bağlantı yoxdur. Elə vaxt olub ki, uçot dərəcəsi 3-4% olub, amma inflyasiya yenə də yüksək idi.

Bu qərar inflyasiyaya çox təsir edə bilməsə də, iqtisadi aktivliyə mənfi təsir edə bilər. Çox güman ki, uçot dərəcəsinin artması nəticəsində biznes və istehlak kreditlərinin faiz dərəcəsi 1%-ə yaxın artacaq. Kredit faizlərinin artması isə iqtisadi aktivliyə mənfi təsir göstərir. Həm istehlak, həm də biznes kreditlərinə maraq azalır. Nəticə etibarilə bu qərarın əks-effekt yaratması ehtimalı var. Bunu nəzərə almaq lazım idi. Hər dəfə Mərkəzi Bank bu cür addım atanda müəyyən çətinliklər yaranıb", - deyə o, əlavə edib.

Qeyd edək ki, bu gün Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 7,5%-dən 7,75%-ə çatdırılması barədə qərar qəbul edib. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6%-dən 6,25%-ə, yuxarı həddi isə 9%-dən 9,25%-ə qaldırılıb.
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA