Səhiyyə
18 iyun 2020
63

Həkim: "ECMO xəstəliyin birbaşa müalicəsi deyil, sadəcə dəstək vasitəsidir" - VİDEO

Milliinfo.az

Həkim: "ECMO xəstəliyin birbaşa müalicəsi deyil, sadəcə dəstək vasitəsidir" - VİDEO



Həkim: "ECMO xəstəliyin birbaşa müalicəsi deyil, sadəcə dəstək vasitəsidir" - VİDEOXəstəlik zamanı ağciyərlər öz funksiyasını heç cür bərpa edə bilmirsə, süni tənəfüss aparatına qoşulduqda da fayda olmursa, məcburən ekstrakorporal membran oksigenlənmə cihazına (ECMO) qoşulur.

Bunu “Report”a açıqlamasında Mərkəzi Gömrük Hospitalının həkim anestezioloq-reanimatoloqu Mehdi Əliyev bildirib.

Onun sözlərinə görə, ECMO qanı bədəndən alıb oksigenləşdirib, yenidən ürəyə, qan dövranına qaytarır:

"Cihazı süni ürək və ya ağciyər adlandırmaq olar. Çünki kəskin ürək və ağciyər çatışmazlığı olan xəstələrdə həmin orqanların funksiyalarını öz üzərinə götürən cihazdır. Cihaz həmin xəstələrə zaman verir ki, orqanlar özünü bərpa etsin”.

Həkim bildirib ki, Azərbaycanda ECMO cihazlarının sayı məhduddur:

“Ölkəmizdə təxminən 6 ədəddir. Cihazın özü və hissələri çox bahalıdır. Əgər xəstənin ECMO-da qalması uzunmüddət sürərsə, cihazın detalları dəyişdirilməlidir. Normalda ECMO xəstə üzərində tətbiq ediləndən sonra 5-10 gün ərzində saxlanılır və xəstəyə zaman verilir ki, orqanları özünü bərpa etsin. İstisna hallarda bu müddət 30 günə kimi uzadıla bilər. Avropa və ABŞ-da belə hər xəstəyə istifadə edilmir. ECMO xəstəliyin birbaşa müalicəsi deyil, sadəcə dəstək vasitəsidir. Cihazdan ürək qüsuru ilə doğulmuş uşaqlarda, ağciyər, ürək çatışmazlığı zamanı istifadə edilir”.

“Tam tükənmiş və ya yaşlı xəstələrin ECMO-dan çıxma, özünü bərpa ehtimalı az olur. Gərək yanaşı xəstəliklər olmasın. Bütün dünyada ECMO qoşulmaq üçün xəstə seçiminə selektiv yanaşırlar. Yəni xüsusi kriteriyalar var. Belə ki, xəstənin cavan olması, yanaşı xəstəliklərinin olmaması və gecikmə olmamaq şərti ilə cihaza qoşulmağa əsas verir. Mən bildiyim qədəri ilə ECMO COVID-19-a yoluxmuş xəstələrdən ilk dəfə Bəhram Bağırzadəyə qoşulub. Əməkdar artistin ümumi vəziyyəti ağır olaraq qalır. ECMO-ya qoşulqduqdan sonra qanın oksigenlə zənginləşməsi yaxşılaşıb. Digər həyatı vacib orqanları kontrol altındadır. Ümid edirik ki, ictimai xadim tez bir zamanda sağalacaq və sıralarımız qoşulacaq”, - həkim əlavə edib.

Qeyd edək ki, Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Əməkdar artistin 90%-dən çox ağciyər toxumasının zədələndiyindən onu ECMO cihazına qoşublar.