Gündəm / Siyasət
30 yanvar 2023
14
Tahir Rzayev: “İranda səfirliyimizin təhlükəsizliyi təmin edilmirsə, orada fəaliyyətin anlamı da yoxdur”
“Azərbaycanın İranla bağlı mövqeyi dəyişməyəcək. Biz haqsızlıqla, cənub qonşumuzun düşmənçiliyi ilə barışmayacağıq və tələblərimizdə qətiyyətliyik. Rəsmi Tehran öz siyasi gedişlərinə düzəliş etməsə, gələcəkdə gərginlik dərinləşə, diplomatik əlaqələr tamamilə qırıla bilər”.
Bu sözləri Oxu.Az-a şərhində Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktının nəticələri haqqında danışarkən Milli Məclisin deputatı Tahir Rzayev deyib. O qeyd edib ki, uzun müddətdir anti-Azərbaycan siyasəti yeridən, düşmənlərimizi dəstəkləyən İran bundan sonrakı addımlarına diqqət etməli olacaq:
“İran tərəfi hər zaman Azərbaycan haqqında hüquq normalarına uyğun olmayan, yalan, böhtan xarakterli bəyanatlar səsləndirir. Son hadisə - Tehrandakı səfirliyimizə qarşı terror aktı - göstərdi ki, İran Azərbaycana düşməndir və bu addımları planlı şəkildə həyata keçirir. Bu, qonşu ölkə ilə münasibətlərdə yaxşı nəticələr vəd etmir. Azərbaycan Prezidenti İlham Əliyev də qətiyyətli mövqeyini bildirdi, baş vermiş hadisəni terror aktı adlandırdı. Xarici İşlər Nazirliyi, digər dövlətlərin rəhbərləri, beynəlxalq təşkilatlar hücuma mənfi münasibətlərini bildirdilər. Artıq İrandakı səfirliyimizin nümayəndələri ölkəyə gətiriliblər. Bu düzgün və yerində verilmiş qərar idi. İranda səfirliyimizin təhlükəsizliyi təmin edilmirsə, orada fəaliyyətin anlamı da yoxdur.
İran hakimiyyəti bu barədə ciddi mövqe sərgiləmədi, ancaq gecikmiş başsağlığı ilə kifayətləndi. Halbuki terror aktı ciddi araşdırılmalı, cinayətkar ağır cəza almalıdır. İran Azərbaycandan üzr istəyərək, öz səhvini etiraf etməlidir. Bundan sonra təhlükəsizlik məsələsinə ciddi yanaşılmazsa, diplomatik əlaqələrin bərpası da mümkün olmayacaq”.
Səfirliyin fəaliyyətinin dayandırılması barədə qərarın asan verilmədiyini vurğulayan deputatın sözlərinə görə, İranda yaşayan milyonlarla azərbaycanlının taleyi, problemləri ilə daim maraqlanmaq lazım gəlir:
“Onların təhlükəsizliyi, müraciətlərinə diqqət yetirilməsi, problemlərinin həlli Azərbaycanı hər zaman düşündürüb. Bundan sonra da soydaşlarımızın taleyi bizim üçün önəmli olacaq. Lakin İran dövləti faktiki olaraq Azərbaycana qarşı düşmənçilik nümayiş etdirir və bu münasibətin nəticələrini uzun illərdir, görürük. 1988-ci ildə Ermənistanın Azərbaycana təcavüzü başlayanda, 30 ilə yaxın dövrdə Azərbaycan torpaqları işğal altında qaldıqda, İkinci Qarabağ müharibəsi dövründə, eləcə də bu gün İran bizim qəddar düşmənlərimizin yanındadır, onları silahlandırır, yanacaqla təmin edir, hətta dəstəyini açıq-aşkar nümayiş etdirir. Bu, yolverilməzdir və özünü İslam Respublikası adlandıran dövlətə yaraşmayan addımlardır. İran bizimlə özünü din qardaşı hesab edirsə, düşmənçiliyi dayandırmalıdır.
Azərbaycanın öz planları və mövqeyi var. Prezident İlham Əliyev həmişə sülhün, regionda sabitliyin və mehriban qonşuluq siyasətinin tərəfdarı olduğunu bildirir. İran bu şansını dəyərləndirməli, Azərbaycan kimi qonşunu itirməmək üçün münasibətlərin yaxşılaşdırılmasına çalışmalıdır. Əks halda diplomatik əlaqələr tamamilə dayandırıla bilər və bu da İranın özü üçün xoş nəticələr vəd etmir”.
Xatırladaq ki, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edilib. Həmin terror aktı nəticəsində səfirliyin mühafizə xidmətinin rəhbəri, baş leytenant Orxan Əsgərov şəhid olub. Onun nəşi ötən gecə Bakıya gətirilib və bu gün İkinci Şəhidlər xiyabanında dəfn edilib.
Hadisədən sonra səfirlik əməkdaşlarının təhlükəsizliyini təmin etmək məqsədi ilə diplomatik nümayəndəliyin fəaliyyəti dayandırılıb, əməkdaşlar Azərbaycana gətiriliblər. Diplomatik münasibətlərin əvvəlki səviyyəyə qaldırılıb-qaldırılmayacağı hazırda sual altındadır.
Daha çox xəbər:
Səfirliyimizə qarşı törədilən terror aktı ilə bağlı cinayət işi başlanıldı
Gündəm / Cəmiyyətİran səfiri XİN-ə ÇAĞIRILDI
Gündəm / Siyasətİslandiyadakı icmamız beynəlxalq birliyə müraciət edib
Gündəm / SiyasətOrxan Əsgərovla vida mərasimi keçirilir
Gündəm / CəmiyyətPrezident səfirliyimizə edilən silahlı hücumu QINADI
Gündəm / Siyasət