Gündəm / Sosial
25 aprel 2024
0

Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?



Xəbər verildiyi kimi, ötən gün Azərbaycanın sabiq baş pediatrı, professor Nəsib Quliyev yaşadığı evdə özünü güllələyərək öldürüb. Yaxınları, tanışları Nəsib Quliyevin çox həyatsevər biri olduğunu, intiharından bir gün əvvəl belə hər şeyin yolunda getdiyini bildirirlər. Lakin yazdığı məktuba əsasən, sabiq baş pediatrın intiharının depressiya ilə bağlı olduğu əlaqələndirilir.

Gizli depressiyadan əziyyət çəkdiyimizi necə anlamaq olar?

Psixoloq Elmir Əkbər Bizim.Media-ya bildirib ki, təəssüf ki, insanlar depressiyanın ən ağır xəstəlik olduğunu bilmirlər:

“İnsanlar anlamırlar ki, adlarından qorxduqları xəstəliklər – infarkt, insult, bədxassəli xərçəng, mədə-bağırsaq problemləri və s. hamısı, eyni zamanda intihar psixoloji sarsıntı və depressiyadan qaynaqlanır. Hər gün hər şey yolundadırsa, nə oldu bir gündə intihara cəhd edildi? Bu, şüuraltı intihardır.

İnsanlar bədənlərindəki gözlə görünə bilən və digər ağrılara görə tez həkimə qaçırlar, amma ruhi ağrılarını görməzdən gəlirlər. Ona görə bədbəxtlik baş alıb gedir. Lakin inkişaf etmiş ölkələrdə cəmiyyət bunu qəbullanır və insanlar həftədə bir dəfə psixoterapevtə müraciət edirlər”.

Psixoloq bildirib ki, depressiyanın ən ağır dövrünün göstəricilərinə, həyatdan zövq almamaq, yaşamağın dadı, rəngi qaçıbsa, həyatının mənasını itiribsə, deməli həmin şəxs ölümün bir astanasındadır:

“Bir də, qidalanma pozuntuları (kompulsiv qidalanma , emosional qidalanma , bulemiya və s.) yeməkdən doymamaq hissi və artıq çəki alma , yuxu pozuntuları , cinsi disfunksiyalar, bədənin müxtəlif nahiyələrində etiopatogenezi tam aydın olmayan ağrılar ( baş , boyun və s. nahiyələrdə), xroniki yorğunluq və distress vəziyyəti maskalanmış depressiyanın əlamətlərindəndir. Əgər kimsə özündə və yaxınlarında bu əlamətləri görürsə, mütləq terapevtə müraciət etməlidir”.

“Bəzən deyirlər ki, psixoloqa getdik, amma bizə dedi ki, sizdə heç bir problem yoxdur”.

Lakin ağıllı və cahil olmayan insan araşdırıb bilməlidir ki, psixoloq, psixoterapevt, psixiatr və nevroloq ayrı-ayrı peşə sahibləridir. Yəni psixiatr ən ağır xəstələrlə, şizofrenlərlə işləyir, o maskalanmış depressiyanı necə bilə bilər axı? Nevroloq isə elə bir antidepresant yaza bilər ki, pasient onun qəbulundan sonra intihar edə bilər. Yəni depressiyanın olduğu kimi, antidepressantların da növləri çoxdur. Ona görə də, həkim-psixoterapevtə müraciət etmək lazımdır.

Görürsünüz, hətta savadlı professor, həkim belə məqamlarrın qurbanı ola bilir. Təəssüf ki, insanlar özlərini və yaxınlarını uçuruma aparırlar” – deyə, Elmir Əkbər bildirib.

Bizim.Media