Gündəm / Siyasət
08 may 2024
0

İsrail müharibə variantını seçdi – Qəzzada savaş başa çatacaq, yoxsa...



İsrail Müdafiə Qüvvələri Qəzza zolağında Rəfah sərhəd-keçid məntəqəsinə nəzarəti ələ keçirib.

Mətbuatın məlumatına görə, hadisə yerində "əməliyyat nəzarəti” həyata keçirilir. Keçid məntəqəsinə xüsusi təyinatlılar nəzarət edəcək. Əməliyyata zirehli bölmələr də cəlb olunub.

Bundan əlavə, Qəzza zolağının şimal və cənub hissələrini birləşdirən mərkəzi yol İsrailin nəzarəti altındadır.

İsrailin Ynet nəşri əməliyyat zamanı 20 terrorçunun öldürüldüyünü, tunelə üç girişin aşkar edildiyini yazır. Partlayıcı ilə doldurulmuş avtomobil də məhv edilib.

Qeyd edək ki, son günlər ABŞ, Misir, Qətərin iştirakı ilə İsraillə HƏMAS arasında atəşkəsin elan olunması və əsir götürülənlərin azad edilməsinə nail olmaq istiqamətində tərəflər arasında danışıqlar intensiv xarakter almağa başlayıb. Belə bir ərəfədə İsrail bütün danışıqlara və razılaşmalara baxmayaraq Rəfah əməliyyatına başlayaraq, əraziyə nəzarəti ələ keçirir.

Görəsən, yaranmış situasiyada savaş nəhayət başa çatacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Tofiq Abbasovun fikrincə, Rəfah əməliyyatından sonra İsrail baş naziri Netanyahu beynəlxalq məhkəməyə cəlb olunacaq.

Savaş isə həmsöhbətimizə görə, Rəfahın İsrail qoşunları tərəfindən alınmasına rəğmən hələ bitməyəcək:

“Məsələ daha da qəlizləşir. Qərb dünyasının özündə belə fələstinlilərə mənəvi və siyasi dəstək durmadan artır. Rəfahı ələ keçirmək hələ o demək deyil ki, müharibə bitəcək. İsrail mənbələri çoxsaylı feyk xəbərləri yayır. İsrail ordusunun itkiləri çoxdur. HƏMAS isə qətiyyət və şücaətlə döyüşür. Onların əksər yeraltı tunelləri hələ dağıdılmayıb, ələ keçirilməyib. Odur ki, proses davam edir.

İsrail üçün Rəfah gur səsli hədəfə çevrilib. Bununla göstərmək istəyir ki, Misirlə sərhədin açarları İsrailin əlində olacaq. Ancaq bu belə deyil. HƏMAS harda gəldi döyüşəcək. Onlar itirdikləri ehtiyatları bərpa etməyi bacarır. İsrail baş naziri Netanyahunun vəziyyəti isə bir qədər kəskinləşəcək. Çünki ordusu Rəfaha daxil olmazdan əvvəl ona böyük təpki və təzyiqlər vardı. Qərbdəki bəzi ölkələr də ona Rəfaha girməmək xəbərdarlığını edib”.

Ekspert qeyd edir ki, belə vəziyyətdə Netanyahu dünya birliyinin çağırışlarını eşitmədən istədiyinə nail olmağa çalışırsa, deməli öz vəziyyətini gərginləşdirir:

“İsrail cəmiyyətinin özündə Netanyahunun nüfuzu aşağı düşür. Solçu və mərkəzçi qüvvələr onu faciənin günahkarı kimi qiymətləndirir. Fikrimcə, Rəfah əməliyyatından sonra Netanyahunun beynəlxalq məhkəməyə cəlbi artıq qaçılmaz olacaq. Müharibənin nə zaman bitəcəyi barədə isə proqnoz vermək çətindir”.

Bizim.Media