Gündəm / Cəmiyyət
01 iyul 2024
1

Makronun Fransa üçün cızdığı plan: vətəndaş müharibəsi və xaos – ŞƏRH

Emmanuel Makronun yarıtmaz siyasət Fransanı xaos, vətəndaş müharibəsinə sürükləyir. Bazar günü ölkədə keçirilən növbədənkənar parlament seçkilərinin nəticələri, gözlənildiyi kimi, ultrasağ “Milli Birlik” Partiyasının qələbəsi ilə başa çatıb. İyulun 7-nə planlaşdırılan ikinci turda da eyni nəticə ortaya çıxacaq.

Artıq paytaxt Paris də daxil olmaqla, bir sıra şəhərləri etirazlar bürüyüb. “Qara blok” hərəkatının radikalları kafelərin vitrinlərini sındırmağa və zibil qutularını yandırmağa başlayıblar. Antifaşist şüarlar səsləndirən etirazçılara hərəkatın radikal gəncləri də qoşulub. Polis buna cavab olaraq gözyaşardıcı qazdan istifadə edib.

Seçkilərin ikinci turundan sonra da etirazların artacağı gözlənilir. Əminliklə deyə bilərik ki, baş verənlərin bir səbəbkarı var - o da hazırkı prezident Emmanuel Makron və komandasıdır. Məsələn, fransız siyasətçi, "Vətənpərvərlər" Partiyasının lideri Florian Filippo deyib ki, Makron müxalifətin iki blokunu öz aralarında fərqli baxışlarla toqquşduraraq dövlətdə xaosa səbəb olmağa çalışır.

"Seçkilərin ilk turundan sonra vəziyyətin qeyri-müəyyən olduğunu görürük. Gələn həftə "Milli Birliy"in mütləq çoxluq qazanması mümkündür, lakin bu, hələ həll olunmayıb. Heç kimin qazanmaması da mümkündür və bu, xaos deməkdir", - deyə Filippo izah edib. Siyasətçinin sözlərinə görə, Fransa prezidenti konstitusiyanın ona tam hakimiyyət verəcək 16-cı maddəsini tətbiq edə biləcəyinə ümid edirdi: “Bu, reallıqdır, hətta Fransa mediası da bu barədə yazıb".

Beşinci Respublikanın ən önəmli seçkiləri nələri üzə çıxardı? İlk növbədə, ölkədə vəziyyətin kritik həddə olduğunu, həyəcan doğuran tendensiyaları. Ultrasağların lideri Marin Le Penin partiyasının əldə etdiyi 34,2 faiz səs sözün əsl mənasında ciddi rezonans doğuran haldır. Nəhayət ki, indi-indi siyasi dairələr və ekspertlər arasında gurultulu bəyanatlar səslənməyə başlayıb.

Məsələn, Fransa ordusunun istefada olan generalı Dominik Delavard səssiz qalmayanlar sırasındadır. Mövcud vəziyyəti “vətəndaş müharibəsi öncəsi vəziyyət” adlandırıb. “Makronun elektoral dəstəyi cəmi 7,3 faiz təşkil edib ki, bu da cəmiyyətdə dərin parçalanmadan xəbər verir. Cəmiyyət parçalanmış vəziyyətdədir, ölkə çətin durumdadır”, - Delavard vurğulayıb.

General “fəlakət”in əsas səbəbkarı kimi Makronu göstərib, onu siyasi iradə nümayiş etdirməməkdə, Vaşinqtonun əmr və tapşırıqlarını sözsüz yerinə yetirməkdə günahlandırıb. Fransa prezidentinə ünvanlanan birbaşa ittihamla Delavard onu ölkənin suverenliyini itirməyə görə məsul şəxs adlandırıb. O, eyni zamanda Makronu xarici qüvvələrə tabe olmaqda ittiham edib.

Bəs ultrasağlardan sarsıdıcı məğlubiyyət alan mərkəzçi hakim koalisiyanın taleyi necə olacaq? Prezident düşərgəsi üçün bu alçaldıcı nəticə ilə bağlı bildirilir ki, hökumətin gələcək mövcudluğu sual altındadır.

Yeri gəlmişkən, Fransa prezidenti Emmanuel Makron növbədənkənar seçkilər elan edərkən "vəziyyətin əhəmiyyətli dərəcədə aydınlaşdırılması üçün vaxt" vəd etmişdi. Lakin üç həftəlik tələsik və xaotik seçki kampaniyasından sonra nəticələr prezidentin avantürasının iflasa uğradığını göstərib. Onun partiyasının seçkilərdə üçüncü olması ciddi məğlubiyyətdir. Yazılı bəyanatında Makron partiyasının məğlubiyyətini etiraf etməyib, lakin “ikinci turda geniş, açıq-aşkar demokratik və respublikaçı birliyə” çağırıb. Makron və müttəfiqləri indi-indi tərəfdarlarını iyulun 7-nə təyin edilmiş qanunvericilik seçkilərinin növbəti turunda ifrat sağçıların hakimiyyəti ələ keçirməsinin qarşısını almağa çağırış ediblər.

Əminliklə deyə bilərik ki, bazar günü keçirilən səsvermənin nəticələri növbədənkənar seçkilərdən sonra siyasi mənzərəni tamamilə dəyişib və mərkəzçi ittifaqın gələcəyini risk altına salıb. Ola bilsin, Makronun mümkün varisləri yeni nəsə qurmağa çalışacaqlar, lakin bu, uğur gətirməyəcək. Görünən də odur ki, Makron sistemli şəkildə ölkəsini uçuruma aparır. İfrat sağçıların nüfuzunun artması ölkəni vətəndaş müharibəsinə sürükləyir. Prezident və komandasının siyasəti bir vaxtlar böyük dövlət hesab edilən Fransanı vətəndaş müharibəsi astanasında olan ölkəyə çevirib.

Bütün bunların fonunda ölkənin miqrasiya siyasətindən artan narazılıq, nəzərəçarpacaq dərəcədə cinayətkarlıq və inflyasiya fonunda Fransanın xarici ərazilərində etirazlar da başlayıb. Məsələn, Yeni Kaledoniyada Sakit okean arxipelaqının yerli xalqlarının müstəmləkə zülmündən qurtulmaq istəyi zorakılıqla qarşılanıb.

Yeri gəlmişkən, Fransanın səkkizinci prezidenti kimi tarixə düşən Makronun riyakar və yarıtmaz siyasətini təsdiq edən faktlardan biri də onun digər dövlətlərin daxili işlərinə qarışmasıdır. Ermənistanı silahlandırması, Azərbaycanın haqq işinə qarşı çıxması buna bariz nümunədir. Makron və komandası birtərəfli qaydada işğalçını dəstəkləyib, onun yanında durub. Bu səbəbdən də Makron hökuməti iyunun 30-dakı məğlubiyyətin səbəblərindən birini də məhz bunda axtarmalıdır.

Beləliklə, sonluq Fransa üçün ağır nəticələr vəd edir. Çıxış yolu da var. Bu yol Makron və komandasının iqtidardan getməsindən keçir.(Report)