Gündəm / Cəmiyyət
06 avqust 2024
0

İki ildən sonra qalıqları tapılan hərbçilərimiz donvurmadan ölüb - Rəsmi

İki ildən sonra qalıqları tapılan hərbçilərimiz donvurmadan ölüb - Rəsmi

Dövlət Təhlükəsizliyi Xidməti, Baş Prokurorluq və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası birgə məlumat yayıb.

Məlumatda deyilir:

“Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında təmsil olunan aidiyyəti dövlət qurumları tərəfindən aparılmış axtarış-araşdırma işləri nəticəsində 3 iyul 2024-cü ildə Kəlbəcər rayonu, İstisu qəsəbəsindəki Yüzbulaq yaylağının ərazisində Azərbaycan Ordusunun iki hərbçisinə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin Genetik Araşdırmalar Mərkəzində həyata keçirilmiş ekspertizalar nəticəsində qalıqların 3 mart 2022-ci ildə Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək itkin düşmüş Azərbaycan Ordusunun əsgərləri - 23.05.2003-cü il təvəllüdlü Məmmədov Fərid Əjdər oğlu və 09.02.2003-cü il təvəllüdlü Abdullayev Firdovsi Mais oğluna aid olduğu müəyyən edilib.

Həyata keçirilmiş kompleks istintaq tədbirləri, məhkəmə-tibb və kriminalistik tədqiqatlarla müəyyən edilib ki, həmin əsgərlər 3 mart 2022-ci ildə Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun olmasından istiqaməti itirərək itkin düşüblər, uzun müddət soyuq temperaturda qalmaqla donvurma səbəbindən ölüblər.

Əsgərlərin nəşlərinin tapılması 5 avqust 2024-cü ildə Dövlət Komissiyasında keçirilmiş görüşdə itkin hərbçilərin ailələrinə elan edilib.

Hazırda aidiyyəti dövlət qurumları ilə birlikdə əsgər Fərid Məmmədov və əsgər Firdovsi Abdullayevin dəfni ilə bağlı zəruri tədbirlər həyata keçirilir. Dəfn mərasimlərinin vaxtı və yeri barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.