Gündəm / Cəmiyyət
26 iyul 2021
23
Şeyxin “imanına” ithaf: Siyasi kəmsavadlıq, yoxsa təxribat?
Yəqin ki, belə situasiya ilə dəfələrlə rastlaşıbsınız: kimsə aşkar həqiqəti danıb, qırmızı-qırmızı üzünüzə duraraq, sizə yalanı sırımağa çalışır. Bunu elə israrla, elə həvəslə edir ki, necə deyərlər, əliniz-ayağınız yerdən üzülür və qeyri-ixtiyari olaraq deyirsiniz: “Sən nə imansız adamsan...”
Azərbaycanın şanlı Ordusu 44 günlük müharibədən sonra 30 ilə yaxın işğal altında olan torpaqlarını azad etdi. Müharibə varsa, deməli, düşmən də var. Və bu müharibədə sənin də, düşmənin də dostunun olması qaçılmazdır. Əhli-Azərbaycan 44 günlük müharibə ərzində dostunun da, düşməninin də dostunun kim olduğunu gördü. Zatən dostumuz yanımızda idi, düşmənin dostu da heç özünü gizlətmək niyyətində deyildi. Dərd onda idi ki, düşmənin dostlarının bəziləri bizə də “dostumuzsan” deyirdilər. Biz “dostlar”ına boş söz (fətva) göndərirdilər, erməni dostlarına isə silah, ərzaq, geyim-keçim, pul-para. Yolları hər tərəfdən bağlanan ermənilərin nicat qapısı idi bizə “dostumuzsan” deyib, düşmənimizi yemləyənlərin qapısı.
“Xalqın gözü tərəzidir” axı. Görürdü hər şeyi. Görürdü onun yanında olan kimdir, “dostumsan” deyib düşməninə zəhər verən kimdir. Qardaş Türkiyənin 44 günlük müharibə ərzində Azərbaycana verdiyi dəstəyi nəinki bu nəsil, min il sonrakı nəsil də unutmayacaq. Yaxşılıq elə bir nemətdir ki, onu sən unutsan da tarix unutmur axı. Həm də Allah unutmur! Görün neçə il əvvəl Hacı Zeynalabdin Tağıyev Pakistan xalqına yaxşılıq edib. Yaddan çıxardırmı pakistanlılar bu yaxşılığı? Yox. Çünki çörəkləri dizlərinin üstündə olan xalqlardan deyillər, gözləri tərəzidir.
Amma Azərbaycan xalqının daha bir Hacısı da var axı. Hacı Allahşükür Paşazadə həzrətlərini deyirəm. Bütün Qafqazın şeyxini deyirəm. Gözü tərəzi ola bilməyən, xalqı kimi görməyi bacarmayan Şeyxi deyirəm. Azərbaycan əsgərinin 44 günlük müharibədəki qəhrəmanlığını kiçildən, dostumuzu görməyən, düşmənimizin dostuna tərif yağdıran Şeyxi deyirəm. Əsl din xadimi xalqın çətin günündə onun yanında olmağı bacaran şəxsdir. Əsl din xadimi dostu da, düşməni də ayırd edib, xalqına məsləhət verə biləndir. Əsl din xadimi Vətənini, dövlətini, onun əsgərini, qazandığı qələbəsini təxribatçı ləkədən qoruya biləndir.
Hacı Allahşükür Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərə - mənəvi paytaxtımız Şuşaya səfər etmişdi. Amma görünür, Allaha şükür etməyərək getmişdi o səfərə. Məsciddə namaz qılınarkən düşmənimizin dostunu önə buraxmışdı. Sevindirmişdi düşmənimizi, qəlbinə xəncər sancmışdı dostumuzun. “Bir səhvdir olub” deyərək, keçmək olardı bunun üstündən. Amma “Təzəpir” məscidində qılınan namazda Azərbaycanın dostu ilə düşməninin dostunu eyni tərəziyə qoymaqla imanına kor bucaq altından baxdı. “Ayətullah Xomeneyinin “Qarabağ torpağı İslam torpağıdır” deyərək fətva verməsi, qələbənin carçısı idi, bizi qələbəyə apardı” deyilərkən əlimiz-ayağımız yerdən necə üzülməsin, İlahi? İlahi, şəhidlərin şəhadətini belə urvatsız etmək hansı imandandır? İlahi, Azərbaycan Ordusunun rəşadətini bir fətvaya bağlamaq siyasi kəmsavadlıqdır, yoxsa təxribat?
Şeyx siyasi kəmsavaddır? Siyasi kəmsavaddır ki, Azərbaycanın dostunu, dostunu yox e, qardaşını düşmənin dostu ilə bir tutsun? Bəs iman, bəs xalq qorxusu? Ağlı başında olan hər kəs nəyin necə olduğunu bilir axı. Gəlin Şeyxin siyasi kəmsavadlığına inanmayaq. Hələ sovetlərin vaxtından müxtəlif qurumlarda siyasi təlimatlar keçən, siyasi tapşırıqlar alan bir adamın siyasi kəmsavad olduğuna Fatmanisə qarı da inanmaz. Qalır bir versiya: təxribat. Özü də, sifarişli təxribat. Azərbaycan dövləti öz seçimini edib. Azərbaycan xalqı da öz seçimini edib. Dostunu, qardaşını da tanıyıb, düşmənini, düşməninin dostunu da. Və belə bir məqamda Şeyx dövlətin də, xalqın da seçiminə qarşı çıxır. Hansı cəsarətlə, hansı iradə ilə, hansı məntiqlə? Yalnız “mötəbər sifariş” adama belə cəsarət, iradə və məntiqsizlik əta edə bilər.
Azərbaycan elə bir ölkədir ki, burda çoxlarının gözü var. Azərbaycanın inkişafını, qüdrətlənməsini istəməyənlər də nə qədər desən. Özü də uzaqda yox, böyür-başımızda, yan-yörəmizdə. Və Azərbaycan dövləti, xalqı özünün inkişaf yolu haqda qəti qərar qəbul edərkən, yan-yörəndəki düşmənlər, düşmənin dostları narahat olacaqlar. Deməli, hər cür təxribata da əl atacaqlar. Ən asan yol da Azərbaycanın arasını vurmaqdır dostları, qardaşları ilə. Xüsusi bir istedad da lazım deyil bunun üçün. Eləcə, Azərbaycanın dostunu, qardaşını onun düşməninin dostu ilə bir tərəziyə qoyursan, vəssalam. 44 günlıük müharibə ərzində Türkiyə dövləti, türk xalqı “can Azərbaycan” dedi. Türkiyənin Azərbaycana verdiyi müasir silahlar müharibədəki itkilərimizi xeyli azaltdı. Həmin vaxt cənub qonşumuzdan da Ermənistana silah-sursat daşınırdı durmadan. Müharibədə Azərbaycanın məğlubiyyətini, itkilərimizin daha çox olmasını təmin etmək üçün. Hələ bircə erməni siyasətçiyə, dövlət xadiminə, politoloquna rast gəlməmişik ki, “İran bizim dostumuz deyil” desin. “İran Ermənistanın dostudur” deyirlər, yorulmadan, usanmadan. Ya Şeyx, bunu bilmirsənmi? Bilməmiş olmazsan. Elə isə de görək, bu nə yanaşmadır, ya Şeyx?
Daha çox xəbər:
İlham Əliyevdən Ermənistana XƏBƏRDARLIQ: "44 günlük müharibə onun yanında yalan olacaq"
Gündəm / SiyasətAzərbaycan Ordusu düşmənin dayaq məntəqəsini belə darmadağın etdi
GündəmHikmət Babaoğlu: Paşinyanın babasının faşizmə xidmət etməsi o qədər də təəccüblü deyil
SiyasətBU FAKT QÜRÜRVERİCİDİR VƏ HƏQİQƏTDİR... - Öyünüləsi birincilik...
---Ehtiyatda olan generaldan sensasiyalı açıqlama: “Xarici kəşfiyyatdan pul alırlar”
Siyasət