Gündəm / Cəmiyyət
07 oktyabr 2023
3

Babək Xürrəminin cəsur oğlu - Atur Ödər



Bu günə qədər alimlərin Azərbaycanda Xürrəmilər Hərəkatı və onların hökmranı olan Babək barədə ərəb mənbələrinə və İran müəlliflərinə istinad etməsi Azərbaycan ərazisində mövcud olmuş Xürrəmiyyə dövləti barədə yanlış fikirlərin mövcud olmasına şərait yaradıb. Bu barədə kifayət qədər yazmışam. Bu yazımda böyük imperator Babəkin ilk övladı - Atur Ödər barədə yanlışıqlara son vermək niyyətindəyəm.

Atur Ödər Babəkin ilk həyat yoldaşı Banu Xatundan olan oğludur. “Babək” filimində onun adı Buğday kimi gedir. “Atur” adını tələffüz edərək, Günəş və atəşi nəzərdə tuturdular xürrəmilər. Bəzi mənbələr yazır ki, əslində bu ad ADƏR-AZƏR kimi də tələffüz edilir. Rus alimi İ.Dyakonovun fikrincə, elam dilində “Atur” sözü uca, yüksək yer mənasını verirdi. Bir qisim tədqiqatçıların fikrincə, “atr” sözü qədim türkcədə “yüksəklik”, “təpəlik yer” mənasənə verən “adur” sözündən yaranmışdır.

Qeyd edim ki, Banu Xatun baş kahin olduğu üçün onunla birgə rituallara maqlar nəzarət edirdilər. Baş kahin, eyni zamanda, baş maq - Aturpat və ya Aturpatak (hərfən: “atəş mühafizəçisi”) adlanırdı.

Mənbələrdən sızan məlumatlara görə, Babək çoxarvadlı bir insan olub. Afşin Bəzz qalasını işğal edən gün Babəkin 17 oğlu, 23 qız övladı olub. Babək qalanı tərk edərkən, iki oğlu onunla birlikdə Səhl ibn Sunbatın yanına gedib. Babəkin övladlarının sonrakı taleyi ilə bağlı mənbələrdəki məlumatlarsa bunu söyləyir ki, onların arasında yaşı kiçik olanlar və Babəkin qızları da varmış.

Təbəri yazır ki, Samirəyə gətirilmiş əsirlərin içərisində yeddi kiçik yaşlı oğlan və üç qız uşağı var idi. Bunlar əsir gətirilmiş qadınların (Babəkdən olan) uşaqları idi.

Lakin ilk övladı və varisi Banudan olan Atur idi.

Mənbələrin yazdığına görə, Atur Ödər ucaboylu idi. O, Babəkə çox oxşayırdı, iri qəhvəyi gözlər var idi.

Babəkin 19 yaşında olanda ailə qurduğu ilk qadın Xürrəmilər Hərəkatının ilk liderlərindən biri olan Cavidanın xanımı olan 23 yaşlı Banu idi. Banu xürrəmilərin dini inancları və rituallarının icrasına nəzarət edən şəxs idi və onun bizim müasir dillə desək, baş kahin olması və ona inanan şəxslərin Cavidandan çox olmasına şərait yaratmışdı. Cavidan bu hərəkata başçılıq edən zaman mütləq şəkildə baş kahin Banu ilə izdivacda olmağa məcbur idi. Babəkin 20 il apardığı savaşda Banu onunla bərabər xürrəmilərə başçılıq edirdi. Mənbələr yazır ki, onun sözü Babəkin sözü qədər keçərli idi. Xürrəmi dövlətinin xarici və daxili siyasətini, dini inancların icrasına məhz Banu xatun Xürrəmi nəzarət edirdi. Buna görə də Babəkdən sonra varis olacaq şəxs onların nikahından doğulan Atur Ödər olmalı idi. Buna görə də Atur Ödər xüsusi diqqət və qayğı altında böyüyürdü. Onun üzərində iki missiya dururdu. Anasından sonra baş kahin olmaq, atasından sonra Xürrəmiyyə dövlətinə başçılıq etmək.

Atur Ödər uşaq yaşlarından hərb sənəti ilə yanaşı, dini ritualları da öyrənirdi. Qaynaqlar yazır ki, kahinlər Atur Ödəri Banu Xatunun varisi kimi qəbul edib, gələcəkdə baş kahin olması üçün xüsusi ayin icra edirlər. Ona ağ paltar geyindirib, vəfa mərasimində atəşgahda ona qırmızı qotazlı ağ yun kəmər-kasti bağlayırlar. Burda andiçmə mərasimində Atur Ödər onun üzərində duran məsuliyyəti dərk edəcəyini qəbul etdiyinə və kahinlərlə birgə ədatəli qərarlar qəbul edəcəyinə Tanrı və Od qarşısında söz verir.

Atur Ödərin həyatı haqqında məlumatlar çox azdır. Lakin qaynaqlar onun Xürrəmiyyə dövlətinin ordusunda komandir olmasını yazır. Atası ilə birlikdə bir neçə döyüşdə iştirak edib. Həmədan savaşında ərəb komandanı Afşinə əsir düşüb.

Bu barədə yazan tədqiqatçılar ərəb tarixçisi ibn əl-Əsirə istinad edirlər. Ondan başqa bu barədə ərəb müəllifləri heç nə yazmayıb. Çünki belə hadisə olmayıb, bu, sadəcə, ibn əl-Əsirin uydurması idi. İbn əl-Əsirə istinad edənlər də Babəki aşağılamaq üçün onun guya oğluna “fahişə oğlu” deməsini yazırlar. Guya Babəkin oğlu atasının cavab məktubundan sonra intihar edib. Bütün bunlar ərəb tarixçilərinin Babək və Xürrəmiyyə dövlətinə qarşı böhtanından başqa bir şey deyil. Əsl həqiqət isə Vatikan və Avropa qaynaqlarında belə yazılır. Olduğu kimi təqdim edirəm:

- Atur, - Afşin sakitcə dedi, - məni dinlə! Get atanın yanına, səni azad edəcəm. Atana de ki, Xəlifə Mötəsim şərtlər qoyub. İnadkar olmasın, razılaşsın. Bu, hamımız üçün yaxşı olacaq.

- Böyük sərkərdə, - deyə Atur qətiyyətlə cavab verdi: - Məni girov saxladığınızı bilirəm. Amma bunun əvəzinə mənə bir ordu versən, yaxşı olar, gedib kimisə məhv edərəm. Atamdan başqa. Mən ona qarşı çıxa bilmərəm.

Təbrizli Məhəmməd ibn Ravaz:

- Mən Babəki məhv edəcəm! Atur, sən hələ uşaqsan. Dünən yumurtadan çıxdın, kimi qıra bilərsən? Kafir oğlu!

Atur buna dözmədi və bəbir çevikliyi ilə Məhəmmədin sinəsinə tərəf qaçdı. Əlbəyaxa döyüşürdülər. Atur qolunu buraraq qılıncını götürdü. Məhəmməd belə bir dönüş gözləmirdi. Aturunu boğmaq istəyərək boğazından tutdu. Bu dəfə Atur o xaini yerə yıxdı. Məhəmməd Aturun sinəsinə təpik vurmağı bacardı. Atur yırğalandı, amma yerində dayandı və bıçağı ilə onu kəsdi.

- Öl! Bu, bir xainin sonu olmalıdır!

Məhəmmədin başı çiyinlərindən uçdu.

Afşinin sərxoşluğu anında yox oldu və o, pələng kimi hoppanaraq qılıncını çəkdi:

- Bunlar nə cür şeylərdir, at silahını, bala!

- Yaxın gəlsən, başını uçuraram! - Atur kürəyini çadırı dəstəkləyən sütuna söykədi. - Yaxşı, gəl!

Afşin bütün gücünü qılınc tutan ələ verib vəhşicəsinə uğultu atdı və elə vurdu ki, Aturın bıçağını qırsın. Amma Atur geri çəkilmədi və cəsarətlə döyüşə girdi:

- Dedim, sənin başını uçuracağam!

- Məni qorxudursan, bala? Mən sənin üçün Məhəmməd deyiləm. Al!

Afşin Afşin idi. Döyüşlərdə onun əlləri polad gücünə sahib idi. Atur gənc və təcrübəsiz idi. Afşinin zərbələri təhlükəli idi. Atur onu məğlub edə bilməyəcəyinə əmin oldu və bıçağı sinəsinə soxdu. Aturun sinəsindən qan sıçradı. Dizləri büküldü və arxaya yıxıldı.

Polad cingiltisini eşidən mühafizəçilər qışqıra-qışqıra çadıra tərəf qaçdılar və nəfəsləri kəsilərək içəri toplaşdılar. Mühafizəçilər çaşqınlıq içində donub qaldılar. Pıçıldayaraq dualar oxuyub qırıqlar arasında uzanmış Məhəmmədin başsız bədəninə, ölümcül yaradan inləyən Atura, bığlarını dişləyən Afşinə baxıb heç nə soruşmağa cürət etmirdilər.

Afşinin üzü titrəyirdi. O, əlində qılınc dəli kimi ətrafı ayaqlayıb, ara-sıra ölməkdə olan Atura təəssüflə baxırdı.

“Qartal qartal yuvasından uçur” deyə tövbə edərək təkrarladı. “Belə bir cəsur insan yaşamalı və yaşamalı idi. O, atasının layiqli oğlu oldu!”

Mənbələr yazır ki, Babək əsir düşəndə ondan Afşin soruşur ki, son arzun nədir. O da cavabında deyir ki, mən öz şəhərimi və oğlumun məzarını görmək istəyirəm.

Son sözü isə şəhərinə və oğlunun məzarına belə olur: “Əsən qalın!”

Bu qaynaq bir daha sübut edir ki, Babəkin oğlu nə Afşinə boyun əyib, nə onun əmri ilə atasına məktub yazıb, nə də atasının cavabını eşidib intihar edib. Bütün bu yalanlar ərəb ibn əl-Əsirdən qaynaqlanır. Babək əsla baş kahindən olan oğluna təhqiredici söz deyə bilməzdi. Hətta Xəlifə Mötəsimin aman məktubunu gətirən iki xürrəmi əsgəri ona oğlunun öldürülməsini deyir. Ona görə də o aman məktubunu qəbul etmir. Necə ola bilərdi ki, oğlunun ölümünü eşidən ata onu söyəydi?

Bu ərəb və fars qaynaqlarının həzm etmədiyi böyük İmperator Babək haqqında yalanlardan başqa bir şey deyil. Babək oğlu Atur da atası kimi cəsur sərkərdə olub. Onun haqqında yalanlara isə son vermək lazımdır.

Babək ərəblərə məğlub olandan sonra sərkərdə Afşinin ələ keçirdiyi onun ailə üzvləri arasında xanımı və baş kahin Banu da var idi. Xəlifə Mötəsimin əfvinə düşən Banu bir müddət Afşinin hərəmxanasında qalmalı olur.

Banunun 838-ci ildə ölməsi barədə məlumatlar da var.