Gündəm / Dünya
09 oktyabr 2023
0

HƏMAS İsrailə hücum planlarını iki il ərzində uğurla gizlədib


“HƏMAS İsrailə hücum planlarını iki il uğurla gizlədib”.

Bu barədə “Reuters” öz mənbələrinə istinadla xəbər verib.

Mürəkkəb kampaniya İsrail hərbçilərini yaraqlıların müharibə istəmədiyinə inandırmaq və İsraili təəccübləndirməyə kömək etmək üçün hazırlanıbmış. Terrorçular tez-tez göz önündə təlim keçir və hücumlara hazırlaşırdılar, lakin İsrail hakimiyyəti HƏMAS-ın müharibədən yorulduğuna və iqtisadi problemlərin həlli ilə məşğul olduğuna əmin idi.

“HƏMAS İsraildə döyüşməyə hazır olmadığı təəssüratı yaradıb”, - deyə mənbədən vurğulanıb.

Hücuma hazırlaşarkən yaraqlılar hətta Qəzza zolağında İsrail yaşayış məntəqəsinə oxşar yer inşa edərək, orada desant və hücum məşqləri keçiriblər. Hazırlıqlar lentə alınıb.

Eyni zamanda, HƏMAS İsraili inandırmağa çalışıb ki, o, müharibəyə başlamaqdansa, daha çox qəzzalı işçilərə xaricdə işləmək imkanı yaratmaqda maraqlanır. Hərəkat öz məqsədinə nail olub.
2021-ci ildə əvvəlki eskalasiyadan sonra İsrail Qəzzada iqtisadi sabitliyin əsas səviyyəsini təmin etməyə çalışıb, o cümlədən anklavın sakinlərinə İsraildə və ya İordan çayının qərb sahilində əməkhaqqının dəfələrlə yüksək olduğu yerlərdə işləmək hüququ verib.

“Biz düşündük ki, onların işə gələrək Qəzzaya pul gətirməsi müəyyən səviyyədə sakitlik yaradacaq. Biz yanıldıq”, - İsrail ordusunun sözçüsü deyib.

HƏMAS son iki il ərzində İsrailə qarşı təcavüzdən çəkinib və “İslami cihad”ın fəal hərəkətlərini dəstəkləməyib. Bu, islamçıların tənqidinə səbəb olub, lakin HƏMAS-ın müharibə istəmədiyi təəssüratı yaradıb.

Hərəkat, həmçinin, gözlənilən hücumla bağlı məlumat sızmasının qarşısını ala bilib.

Nəşrin məlumatına görə, HƏMAS liderlərinin bir çoxu bu planlardan xəbərsiz idi, hücumda iştirak edən 1 000 döyüşçünün isə təlim zamanı onun dəqiq məqsədi barədə heç bir fikri olmayıb.