Gündəm / Cəmiyyət
22 dekabr 2021
52

Nazir nə deməliydi?

Nazir nə deməliydi?

Medianın, yaxud media adına iddia edən ailə, tayfa, dost-tanış təsərrüfatı “podratçıları”nın, fikirlərini açıq şəkildə ifadə edən, cavabdeh olduğu sahədəki problemləri “iliyinədək” bilən və bu problemlərin ictimaiyyətin dəstəyi, iştirakı olmadan, toplumun ümumi təhsil və mədəni səviyyəsi arzuolunan səviyyəyə çatdırılmadan, naqisliyi, natamamlığı simvolizə edən stereotiplər dağıdılmadan həll olunmayacağını yaxşı başa düşən məmur obrazını nəinki qəbul etməyə, hətta dinləməyə belə hazır olmadığı, təəssüf ki, özünü yenidən və həm də daha aqressiv bur şəkildə büruzə verdi... Həm də istənilən suala açıq olan, ən kəskin iddiaları belə səbrlə, sadə el dilində, anlaşılan bir şəkildə cavablandıran Təhsil nazirinin brifinqində...

...Sonra iddiası yaşından, başından və genetik yaddaşından dəfələrlə böyük, axşamlar, yaxud gecələr “media” adından sui-istifadə etməklə Cinayət Məcəlləsinin çeşidli müddəalarını sıraya düzən, gündüzlər isə “peşəkar media”ya çevrilən, gerçək kimliyini özü ilə yanaşı hər kəsin çox, həm də çox yaxşı tanıdığını bildiyi halda, klassik arsızlığın dibinə varan cızma-qaraçıların “saçyoldu” və “üzcırdı” kampaniyaları başladı...

“Vaxsey, ay aman, qoymayın, təhsil əldən getdi”...

Səslərini başlarına çəkib hər kəs üçün əl çatan olan tekstdən (mətndən) çıxardıqları konteksti (bağlamı) hansısa ALT, yaxud anti-ALTruizm niyyətiylə ictimai rəyə sırımağa çalışdılar və məqsədlərinə nəyin hansı “qazanda” və necə “bişdiyindən” xəbərsiz olanların, küyə gedənlərin sayəsində qismən də olsa, nail olmağı bacardılar...

Nə demişdi Təhsil naziri? Demişdi ki, “məktəblərdə pul yığımlarının olması qeyri-qanunidir, valideynlərin verdiyi ödənişlər könüllü olmalı və şəffaf mexanizmlə tənzimlənməlidir”.

Yəni bəzi onlayn media resurslarını və sosial şəbəkələrin Azərbaycan seqmentini başına götürənlər təhsil nazirinin məktəblərdə pul yığılması ilə bağlı dediklərindən yuxarıdan iqtibas gətirdiyim cümləni də kontekstdən çıxararaq təqdim edə bilərdilər. Amma etmədilər. Çünki məqsəd el arasında “sözün canı” dediyimiz mahiyyət deyildi, sözün canını çıxarmaq idi...

Emin Əmrullayev orta məktəbdə təhsil aldığı dövrdə də məktəblərdə pul yığıldığını demişdi... Səmimi şəkildə, mövzuya giriş üçün, problemin kökünün daha dərində olduğunu anlatmaq məqsədilə. Bəs nə deməliydi? Deməliydi ki, “orta məktəbdə oxuduğu dövrdə yemək yemir, su içmir, ayaqyoluna getmirdilər, havanı da, yalnız dərs saatlarından sonra alırdılar?” Yoxsa asıb-kəsməli, hədələməli, barmaq silkələməliydi?

Deyə bilmərəm, bəlkə də media təmsilçisi olduqlarını iddia edən bəziləri, artıq unutmaqda olduğumuz “rədd ol burdan”, yaxud “ə, bir-bir, sənə borcum yoxdur” “cavab”ları və bu cavabların artıq keçmişdə qalan müəllifləri üçün qəribsəyiblər?

Ola bilər, insan mürəkkəb məxluqdu. Bəzən iddialı və aşırı təkəbbürlü obrazların arxasından klassik mazoxizm elementlərini görmək mümkün olmur, təəssüf ki...

Dünyanın bütün ölkələrində, valideynlər məktəblərə maddi yardım göstərirlər. İmkanı olanlar, hətta dövlət məktəblərini himayəyə də götürürlər. Bu, bir mədəniyyət və gerçək vətənsevərlik nümunəsidir, təhsilə, inkişafa verilən dəyərdir. Amma bunun üçün şəffaf, sui-istifadə hallarına yol açmayan, mənimsəmələrin və digər halların qarşısını alan mexanizmlər olmalıdır.

Uzaqdan, yaxından tanıdığım kifayət qədər insan var ki, ay ərzində övladının əyləncə xarakterli arzu və istəklərinə kifayət qədər böyük pullar xərcləyir, oğluna, qızına bir neçə min manata ən son model smartfon alır, yaxud kreditə götürür, amma təhsilə bir manat xərcləmək istəmir. Dəftər, kitab alanda canı çıxır.

Övladının bütün həyatını, gələcəyini təmin edəcək bir sahəyə, yaxud istiqamətə qəpik-quruş xərcləməyi belə israfçılıq hesab edir. Dövlət təhsil verməlidir, dövlət iş verməlidir, təhsili, peşəsi olmayanda müavinət verməlidir... Verməlidir... Verməlidir!

Bəs sən? Sən bu dövlətə nə vermisən? Vergidən yayınmısan, gəlirlərini gizlətmisən, çalışmısan ki, dövləti ayaq üstə saxlayan heç bir işdə iştirakın olmasın, ortada yeyib qıraqda gəzəsən...

Bu tip obrazlar uzaqda deyil, ətrafımızdadır. Çoxları özündən bir az kənara boylanıb baxsa, yaxud vicdanının “aynası” ilə üzbəüz qala bilsə, onları iliyinə kimi görə bilər...

Təhsil cəmiyyətin bir parçasıdır, bəlkə də özüdür. Dəyişiklik istəyiriksə, o zaman problemlər barədə açıq və səmimi danışmağı, həmçinin dinləməyi, anlamağı bacarmalıyıq.

Amma mənə elə gəlir ki, bu gün dəyişikliklərdən, islahatlardan danışan, yazan bir çoxları, o cümlədən media nümayəndələri, nə təhsildə, nə mediada, nə də digər sahələrdə dəyişikliklərin olmasını istəmirlər. Dəyişikliklər və islahatlar barəsində uca səslə bağırdıqları isə, müəyyən bir zamanda cəmiyyəti çirkaba bulamaq istəyənlərin diqqətini cəlb etmək xarakteri daşıyıb.

“Buna bax e, mən böhtanı, yalanı, şantajı, hər cürə həyazıslığı filan “qırmızısifət”dən daha yaxşı bacarardım. Görmürlər məni... Gözləri götürmür...”, - deyə dərindən köks ötürürlər.

Dabbaqda gönlərinə bələdəm. Bax elə bu dəqiqə, kopmpyüterin ekranında yazdığım sətirlərin əvəzinə medianı başına götürmüş klassik şantajçıların, min oyundan çıxıb “mələk donu “geyinınlərin obrazlarını görürəm. Kino lenti kimi keçir gözümün önündən...

Belələrini heç “arxivə” də göndərməzdim. Üzərilərinə qonacaq toza belə heyfim gəlir.