Gündəm / Cəmiyyət
09 aprel 2022
27

Azərbaycanda “Qarabağ” adlı vaksin hazırlanacaq

Azərbaycanda “Qarabağ” adlı vaksin hazırlanacaq


“COVID-19-a qarşı iki RBD əsaslı və bir kokteyl əsaslı peyvənd hazırlayırıq”.

Bunu AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Molekulyar biomühəndislik beynəlxalq laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü, professor Tərlan Məmmədov deyib.

Alim bu peyvəndlərin “Delta” və “Omicron” (60-dən çox mutasiyası olan) variantlarına qarşı çox effektiv olduğunu və ümumiyyətlə, gələcəkdə ortaya çıxacaq bütün mutasiyalara qarşı dayanıqlı ola biləcəyini vurğulayıb.

“1 kq Nicotiana benthamiana bitkisindən 25 milliqrama kimi, başqa sözlə, 5 min insana kifayət edəcək qədər kokteyl peyvənd hazırlanması mümkündür. Bu vaksin üzərində işlər başa çatdıqda onu “Qarabağ” adlandırmağı düşünürük”, - deyə professor Tərlan Məmmədov əlavə edib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi komanda bu vaksinlərin hazırlanmasında özlərinin təkmilləşdirdikləri texnologiyanı tətbiq edib və hazırda bununla bağlı bir neçə patentə müəlliflik edir.

Alim rəhbərlik etdiyi komanda ilə birgə COVID-19-a qarşı hazırladığı universal terapevtik protein – SARS-CoV-2 reseptoru olan rekombinant ACE2 əsaslı dərman barədə də məlumat verərək, onun virusla mübarizədə, xüsusilə yüksək təzyiqi olan insanların COVID-19-a qarşı müalicəsində effektiv olduğunu diqqətə çatdırıb.

T.Məmmədov qeyd edib ki, bu dərman inyeksiya və ya burun spreyi kimi istifadə edilə bilər. O bildirib ki, bu istiqamətdə əldə olunmuş nəticələr molekulyar biotexnologiya sahəsində “Nature” jurnalından sonra ən tanınmış jurnal olan “Frontiers in plant science”də (impakt faktor - 5.753) dərc olunub.