Sosial / Gündəm
26 avqust 2024
0
Azərbaycanda yeni kiberdələduzluq - Valideynlərdən pul alırlar
Yeni, təhlükəli və daha qorxunc dələduzluq növü yayılıb.
Bununla bağlı texnobloqer Fərid Pərdəşünas sosial hesabında paylaşım edib.
O qeyd edib ki, artıq Azərbaycanda bu dələduzların qurbanları var və külli miqdarda vəsait talanıb.
"Deməli, valideyninizə zəng gəlir. Dəstəyin o tərəfdə olan səsinizin süni intellekt ilə klonlanmış variantıdır. Valideyninizə sizin öz səsinizlə qəza keçirib, yararlı olduğunuzu və kimisə avtomobillə vurduğunuz deyilir. Burada səs klonlanır və evdə olan valideyn sanki övladı və ya nəvəsi ilə danışırmış kimi təəssürat yaranır.
Valideyndən təcili formada pul istənilir. Evdə nə var nə yox hamısı xəstəxana xərcləri üçün tələb olunur. Hətta, inandırıcı olsun deyə dəstəyi yanında olan saxta polis və ya prokuror olan şəxsə ötürür. O da təsdiqləyir ki, qəza baş verib, vəziyyət ağırdır.
Növbəti mərhələdə "oğul" valideyninə özünün gələ bilmədiyini və pul üçün adam göndərəcəyini deyir. Valideyn təlaş içində pulu aşağı düşürür və ondan 1 nəfər pulu götürür. Bu cür dələduzluqla artıq neçə nəfərin pulu talanıb. 11 000 avro pul itirən zərərçəkən var. Hazırda DİN məsələni araşdırır", - deyə texnobloqer yazıb.
Məsələyə DİN-in Mətbuat xidmətinin rəis müavini Zeyni Hüseynov da münasibət bildirib.
“Polis tərəfindən kiberdələduzluqla mübarizə çərçivəsində mütəmadi olaraq təbliğat, təşviqat, maarifləndirmə işləri həyata keçirilir. Buna baxmayaraq, kiberdələduzlar dayanmadan yeni üsul və vasitələr üzərində çalışırlar. Son zamanlar isə belə şəxslər sosial mühəndislik yolu məlumatlar toplayaraq əsasən yaxın qohumlarının xəstə, müalicəsinə təcili pul lazım olması adı ilə vətəndaşlara, xüsusən yaşlı nəslin nümayəndələrinə xaricdən ev telefonları vasitəsilə zənglər edirlər. Hətta süni intellekt vasitəsilə səslər eyniləşdirilir.
Həmin vətəndaşların pul vəsaitlərinin ələ keçirilməsi faktları üzrə polis əməkdaşları tərəfindən araşdırmalar aparılıb, bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib və şəxslərin saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunması təmin edilib.
Müəyyən edilib ki, həmin şəxs teleqram sosial şəbəkəsində əlaqə qurduğu xarici ölkələrdə yaşayan naməlum şəxslərin onu yönləndirdiyi ünvanlara yollanaraq onlara yaxın qohumlarının başına bədbəxt hadisə gəldiyini bildirib və yardım göstərilməsi üçün pul tələb edib. Saxlanılan şəxs pul vəsaitlərini zərərçəkənlərdən alandan sonra teleqramda əlaqə qurduğu şəxslərin kriptovalyuta hesablarına köçürüb. Məbləğin bir qismini özünə götürüb.
Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə teleqram sosial şəbəkəsində əlaqə yaratdıqları naməlum şəxslərin sifarişi ilə analoji əməllərin törədilməsində kuryer qismində iştirak edən 20 nəfərə yaxın şəxs saxlanılıb. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bir daha vurğulayırıq ki, bu hallarla bağlı vətəndaşlar diqqətli olsunlar, daxil olan zənglər üzrə verilən məlumatları dəqiqləşdirsinlər, tanımadıqları şəxslərə qəti şəkildə pul vəsaitləri verməsinlər”, - o bildirib.
Daha çox xəbər:
Onlayn ödəniş edənlərə XƏBƏRDARLIQ: Dələduzların qurbanı olmamaq üçün hiperlinklərdə diqqət edilməli məqamlar
Gündəm / CəmiyyətAzərbaycanda koronavirusa yoluxanlara pul VERİLİR
Gündəm / CəmiyyətBu məktəbin direktoru müəllimlərdən pul tələb edib - Səs yazısı
Gündəm / Cəmiyyət“Mən məktəbdə oxuyanda da pul yığmaq halları var idi”
---Növbəti qurban siz olmayasız deyə, bu səsə qulaq asın - Video
Gündəm / Cəmiyyət