---
27 iyul 2023
1

Albaniya sosialistlərinə Azərbaycanlı həmkarlarından təbrik məktubu

Azərbaycan Sosialist Hərəkatının sədri Ədalət Abdinov Albaniya Sosialist Partiyasının yaradılmasının 32-ci ildönümü münasibətilə Albaniya Sosialist Partiyasının sədri Edi Ramaya təbrik məktubu göndərmişdir.

Məktubda deyilir:

“Lideri olduğunuz Albaniya Sosialist Partiyasının yaradılmasının 32-ci ildönümü münasibətilə Azərbaycan Sosialist Hərəkatı adından Sizi və Albaniya Sosialist Partiyasının bütün üzvlərini səmimi qəlbdən təbrik edirəm.
Siyasi ailənizin bu əlamətdar gününü say baxımından son 32 ilin ən möhtəşəm qələbəsi ilə qeyd edirsiniz. Ay yarım öncə albanlar sizə 54 bələdiyyəni idarə etmək və Albaniya sakinlərinin 95%-dən çoxuna qayğı göstərmək mandatını verdilər.
Kukës, Saranda, Kurbin, Dibra, Devol, və bir sözlə demokratik Şkoderdən tutmuş sosialist Vloraya qədər sizə yüksək inam və etimad göstərildi. Və sizinlə birlikdə irəli getməyə qərar verdilər.
Tropoja bələdiyyəsi üçün on illər ərzində başqalarının edə bilmədiklərini etmək üçün sizə cəmi 4 il kifayət etdi. Tropojalılar ilk dəfə özləri haqqında, evləri, məhəllələri haqqında, doğma şəhərlərinin fövqəladə potensialını Sizin partiyanın timsalında gördülər və yekdilliklə səs verdilər.
Onlar min bir çətinlikdən sonra yenidən doğulan Tropojaya səs verdilər ki, bu isə turizm və aqroturizm, kənd təsərrüfatı məhsullarının emalı, əkinçilik və heyvandarlığın inkişafında öz bəhrəsini verməkdədir.
Bu il mayın 14-də 800,000 səs kvotasını uğurla keçdiniz və bu Sizin partiyanızın indiyə qədərki ən yüksək göstəricisidir.
Albaniya Sosialist Partiyasının 32 illik tarixində heç vaxt olmadığı kimi bələdiyyə şuralarının 93%-ə və ya ümumilikdə 61 bələdiyyədən 57-nə rəhbərliyi Sizə etibar edilmişdir.
Siz Albaniya intibahının yeni yolunda yerli səviyyədə yaxşı uğur nümunələri yaratmısınız və addım-addım yerli özünüidarənin müsbət modeli, fərqli iş mədəniyyəti qurursunuz.
Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini də Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Albaniya ilə münasibətlər təşkil edir. Sizin ölkə ilə Azərbaycan arasında siyasi dialoq və qarşılıqlı əməkdaşlıq hər zaman yüksələn xətlə inkişaf edib. Təşkil olunan qarşılıqlı rəsmi səfərlər və imzalanan sənədlər iki ölkə arasında əlaqələri daha da genişləndirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən il noyabrın 15-də Albaniya Respublikasına dövlət səfəri və Albaniya Respublikasının Prezidenti Bayram Beqayın bu il iyulun 7-də Azərbaycana rəsmi səfəri ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafı, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsi baxımından önəmlidir. Əgər indiyədək əməkdaşlığın əsas hissəsini enerji sahəsi təşkil edirdisə, artıq digər sahələrdə də əməkdaşlığın dərinləşdirilməsi müzakirə mövzularındandır.
Bu il iyunun 23-də Sizin partiyanın rəhbərlik etdiyi Durres bələdiyyəsində keçirdiyimiz səmərəli görüşlər Azərbaycan və Alban sosialistlərinin ikitərəfli əməli fəaliyyəti üçün çox əhəmiyyətli oldu.
Sizi bir daha Albaniya Sosialist Partiyasının yubileyi münasibətilə təbrik edir, Sizə möhkəm cansağlığı, ailə xoşbəxtliyi, ölkənizin firavanlığı və xalqınızın xoşbəxtliyi uğrunda bütün sahələrdə apardığınız işlərdə uğurlar arzulayıram”.



İnci İkramlı