Gündəm / Cəmiyyət
05 noyabr 2022
6

Bu halda qazın dəyəri istehlakçıdan tələb edilməyəcək - Səbəb

Bu halda qazın dəyəri istehlakçıdan tələb edilməyəcək - Səbəb


Qaz təchizatının ümumi şərtlərini “Azəriqaz” İstehsalat Birliyi və Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidməti təyin edəcək.

Bu, Nazirlər Kabinetinin “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında” qərarına edilən dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, qaz istehlakçılarının vəzifələri artırılıb.

İstehlakçılar qaz paylayıcısı tərəfindən ildə bir dəfə (hər il noyabrın 1-dək) istehlakçının qaz qurğularının və qaz xətlərinin, tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin işçi vəziyyətdə olmasının və texniki təhlükəsizlik tələblərinə riayət olunması vəziyyətinin müəyyən edilməsi, o cümlədən nöqsan və (və ya) pozuntuların aşkar edilməsi məqsədilə müayinə keçirilməsinə imkan yaratmalıdırlar.

Bundan əvvəl qaz istehlakçıları Fövqəladə Hallar Nazirliyinin və Energetika Nazirliyinin səlahiyyətli nümayəndələri tərəfindən məişət qaz qurğularının təhlükəsiz və etibarlı istismar edilməsini təmin etmək məqsədi ilə həmin qurğulara, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsinə imkan yaratmalı idilər.

Eyni zamanda, qərara əsasən, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qazın verilməsi bərpa edilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir).

“Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.

Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz ediləcək, quraşdırılacaq və dəyişdiriləcək.

Qeyd edək ki, indiyə qədər məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilib, quraşdırılıb və dəyişdirilib.