Gündəm / Cəmiyyət
12 iyun 2023
0

Həbsdə olan sabiq deputata yeni cinayət işi açıldı



Hazırda həbsdə olan sabiq deputat Dünyamin Xəlilov və iş adamı Azad Cavadova yeni cinayət işi açılıb.

Milliinfo.az Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin vəzifəli şəxsləri ilə əlbir olaraq cinayət törətmiş Dünyamin Xəlilov və Azad Cavadovun barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.

İstintaqla Dünyamin Xəlilov və Azad Cavadovun 2001-2015-ci illər ərzində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin sabiq rəhbər vəzifəli şəxsləri ilə birgə sabit cinayətkar qrup yaradaraq rəhbərlik etdikləri “General Construction” və “Bakı Fındıq Emalı Müəssisəsi” məhdud məsuliyyətli cəmiyyətlərinin işçilərinə kreditlərin rəsmiləşdirilməsinə dair bankın vəzifəli şəxsinin verdiyi qanunsuz göstərişləri icra edib həmin şəxsləri bankın müxtəlif filiallarına göndərməklə adlarına rəsmiləşdirilmiş ümumilikdə 6 milyon 642 min manatdan artıq məbləğdə pul vəsaitini mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Dünyamin Xəlilov və Azad Cavadova Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci (mütəşəkkil dəstə tərəfindən və külli miqdarda mənimsəmə) maddələri ilə ittiham elan edilib, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkmələri nəzərə alınmaqla barələrində qətimkan tədbiri seçilmədən cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, 2017-ci ildə Dünyamin Xəlilov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 179.3.1 (mənimsəmə, mütəşəkkil dəstə tərəfindən törədildikə), 179.3.2 (mənimsəmə külli miqdarda törədildikdə), 213.2.1 (vergidən yayınma, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 213.2.2 (vergi ödəməkdən yayınma külli miqdarda törədildikdə), 32.4, 308.2 (vəzifə səlahiyyətlərindən sui istifadə etməklə ələ alma) 32.4, 309.2 (vəzifə səlahiyyətini aşma) maddələri ilə təqsirli bilinib. Belə ki, D.Xəlilovun 2005-ci ildə Beynəlxalq Bankın səhmdarı olub. 2005-2010-cu illərdə deputat olan D.Xəlilov həm də bankın rəhbəri olmuş Cahangir Hacıyevin qohumudur və işçisi olub. Belə ki, C.Hacıyevə məxsus “Şəki Bazar” və “Şəki Ət Kombinatı” ASC-ni uzun müddət D.Xəlilov idarə edib.