Gündəm / Cəmiyyət
19 sentyabr 2022
7

Tələbələrin yataqxana dərdinin səbəbi nədir? - ARAŞDIRMA + FOTO

Tələbələrin yataqxana dərdinin səbəbi nədir? - ARAŞDIRMA + FOTO


Son zamanlar Bakıda kirayə qiymətləri dodaq uçuqladır. İstər şəhərin mərkəzində, istərsə də mərkəzə uzaq ərazilərdə qiymətlər od tutub yanır. Bundan ən çox əziyyət çəkənlər də rayonlardan gələn tələbələrdir. Çünki bizdə universitetlərin yataqxanaları faktiki olaraq yoxdur.

Bəs bunun səbəbi nədir?

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Bakı Dövlət Universitetindən bildirilib ki, onlarda hazırda 220 nəfərlik Tələbə Evi var:

“Burada camaşırxana, internet, oxu zalı, idman sahəsi, tibb məntəqəsi, 24 saat təhlükəsizlik kameraları və s. var, universitetə 1-2 dəqiqəlik məsafədə yerləşir. Ora, əsasən şəhid, qazi övladları, valideynlərini itirmiş, sosial həssas qrupa aid olanların övladları və s. qəbul edilir. Gələcəkdə universitetin yeni yataqxanalarının tikilməsi də planlaşdırılır”.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin təmsilçisi İsa Muradov deyib ki, onların doqquzmərtəbəli yataqxanası Yasamalda yerləşir:

“Yataqxana təmirdən yeni çıxıb və hər bir avadanlıqla təchiz olunub. Sosial həssas olan tələbələrə daha çox üstünlük verilir. İmkanlar və şanslar olarsa, universitet rəhbərliyi yataqxananı böyütməyin marağındadır”.
Tələbələrin yataqxana dərdinin səbəbi nədir? - ARAŞDIRMA + FOTO

Azərbaycan Dövlət Pedaqoji Universitetinin mətbuat katibi Cavid Hüseynov qeyd etib ki, onlarda 240 yerlik 1 yataqxana mövcuddur. Bu isə 18 min tələbəsi olan universitet üçün çox azdır. Ona görə də, əsasən, sosial təminatı aşağı, şəhid, qazı ailələrindən olan tələbələrə üstünlük verilir. Universitetin əksər tələbələri isə kirayələrdə qalırlar. Pedaqoji universitetin də planlarında yeni yataqxanaların tikilməsi var.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mətbuat katibi Bəhruz Nəzərov bildirib ki, onlarda hazırda 320 nəfərlik yataqxana var:

“Arzu edənlərin hamısını həm bizim yataqxanada, həm univeriumda yerləşdiririk. Maddi imkanı zəif olanlar universitetin tələbə həmkarlar komitəsi tərəfindən pulsuz yerləşdirilir. Bundan əlavə, hazırda universitetimiz Asiya İnkişaf Bankı ilə birlikdə 1000 nəfərlik yataqxana kompleksi layihəsi üzərində işləyir”.
Tələbələrin yataqxana dərdinin səbəbi nədir? - ARAŞDIRMA + FOTO

Azərbaycan Turizm və Menecment Universiteti Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa deyib ki, universitetin yaxınlığında əməkdaşlıq etdikləri univerium yataqxanası mövcuddur:

“Tələbələrin çoxu yataqxanada yox, kirayədə qalır. Bəzən əcnəbi tələbələr gedib orada yerləşirlər”.

Azərbaycan Dövlət Dəniz Akademiyasından bildirilib ki, 310 nəfərlik normal təmirli, isti-soyuq suyu, mətbəx və hamam otaqları və s. olan yataqxana var:

“İlk növbədə ora rayon qeydiyyatında olan birinci kurs tələbələri yerləşdirilir, qalan yerlərə daha yuxarı kurslar yönləndirilir. Müraciət edənlər arasında şəhid övladları və həssas qrupa aid olanlara üstünlük verilir. İldə təxminən 300 nəfər yataqxanada, 100 nəfər kirayədə qalır. Yataqxanada qalmaq könüllüdür”.
Tələbələrin yataqxana dərdinin səbəbi nədir? - ARAŞDIRMA + FOTO

Bakı Mühəndislik Universitetindən deyilib ki, onlarda 300 nəfərlik iki böyük yataqxana fəaliyyət göstərir:

“Seçim zamanı həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrə üstünlük verilir. Gələcəkdə tələbat yaranarsa, yeni yataqxanaların tikilməsi də mümkündür”.

Azərbaycan Dillər Universitetinin mətbuat katibi Cavid Zeynallı qeyd etdi ki, təmsil etdiyi ali təhsil ocağının 205 yerlik qızlar yataqxanası mövcuddur:

“Kirayədə qalmaq tələbələr üçün daha rahatdır”.

Azərbaycan Tibb Universitetinin təmsilçisi Cahangir Qasımov bildirib ki, təmsil etdiyi təhsil ocağının 968 nəfərlik 4 yataqxanası fəaliyyət göstərir:

“3 saylı yataqxanamız hazırda təmir səbəbilə fəaliyyət göstərmir. 1 və 2 saylıda qızlar, 6-da oğlanlar, 5 saylıda isə əcnəbi tələbələr yaşayır. Bu il boş yerimiz məhduddur”.

Bakı Slavyan Universitetindən bildirilib ki, ali təhsil ocağının 3 korpusdan ibarət tələbə yataqxanası var:

“Hazırda 2 binada tam, 1 binada isə 50 faiz olmaqla məcburi köçkünlər yerləşib. Tələbələr ərizə ilə müraciət etdikdə müvafiq müqavilə imzalanır, yataqxanaya yerləşdirilirlər”.
Tələbələrin yataqxana dərdinin səbəbi nədir? - ARAŞDIRMA + FOTO

Dövlət İdarəçilik Akademiyasının mətbuat katibi Yusif Ağayev qeyd edib ki, yataqxana məcburi köçkünlərə verilib:

“Bir neçə otağını saxlaya bilmişik. Yeni yataqxana tikilməsi barədə məsələ hələ müzakirə olunmur”.

Azərbaycan Texniki Universitetindən bildirilib ki, 1965-70-ci illərdə inşa olunmuş 6 binadan ibarət 5 mərtəbəli və 1991-ci ildən yarımçıq qalmış 546 yerlik iki 14 mərtəbəli yataqxanaları mövcuddur:

“Amma bu binalarda qaçqın və məcburi köçkün ailələri məskunlaşıb. Qaçqın və məcburi köçkünlərin köçürülmə prosesi tam yekunlaşdıqdan sonra yataqxanalar əsaslı şəkildə təmir olunacaq və tələbələrin istifadəsinə veriləcək”.

Azərbaycan Dövlət İqtisad Universitetinin mətbuat katibi Elnarə Məmmədova deyib ki, onlara məxsus 5 yataqxananın hamısında məcburi köçkünlər məskunlaşıb.

Mədəniyyət və İncəsənət Universitetinin mətbuat katib Şəhanə Müşfiq bildirdi ki, yataqxanalarında uzun illərdir qaçqınlar məskunlaşıb.

Bakı Ali Neft Məktəbindən deyilib ki, kampus binasında 500 nəfərlik Tələbə Evi mövcuddur:

“Tələbə Evində yerli və əcnəbi tələbələr yaşayırlar. Bundan əlavə, hazırlıq ilinin tələbələri məsafənin yaxınlığına görə SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin yataqxanasından istifadə etmək imkanına malikdirlər”.
Tələbələrin yataqxana dərdinin səbəbi nədir? - ARAŞDIRMA + FOTO

ADA Universitetinin mətbuat katibi Şəbnəm Məhərrəmova qeyd edib ki, azərbaycanlı tələbələr üçün yataqxana mövcud deyil:

“Əməkdaşlığımız xarici tələbələrin yerləşdirilməsi ilə bağlı olduğu üçün yataqxanada, əsasən, xarici tələbələr qalır”.

Daşınmaz əmlak eksperti Ramil Osmanlı açıqlamasında qeyd edib ki, bu gün Azərbaycandakı tələbə yataqxanaları tələbələrin tam yerləşməsinə imkan vermir:

“Yataqxanalar tələbatın cəmi 15 faizini ödəyir. Yataqxanaların əksəriyyətində şərait normal deyil”.

Ekspertin fikrincə, Azərbaycanda tələbə kampusları da geniş yayılmayıb:

“Yalnız özəl universitetlərin bəzisinin kampusları var. Tədris müəssisələrinin əksəriyyəti dövlət universitetləridir. Onların da maddi imkanları kampusların qurulması üçün kifayət etmir. Ona görə özəl sahibkarlar tərəfindən bu sahəyə diqqət ayrılmalıdır. Paytaxtın mərkəzinə yaxın ərazilərdə kampusların tikilməsi üçün torpaq sahələri də məhduddur”.