Gündəm / Cəmiyyət
20 avqust 2022
29

"İntihar etməyin, gəlin biganə məmurları birlikdə ifşa edək" - Polkovnik qazilərə səsləndi

"İntihar etməyin, gəlin biganə məmurları birlikdə ifşa edək" - Polkovnik qazilərə səsləndi


Qazilərimizin intiharı artıq davamlı hal alıb və təəssüf ki, arzuolunmaz ənənəyə çevrilməkdədir. Müharibədən qələbə ilə qayıdan, düşmənin öldürə bilmədiyi igidlərimiz hansısa məmurun özbaşınalığı, laqeydliyi ucbatından və ya hansısa digər səbəbdən canına qəsd edir. Bu tendensiyanın qarşısını necə ala bilərik?

Mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, qazilərin statusu və hüquqları məsələsi həllini tapmalıdır: "Mən qazi sözünü istifadə etməyə o qədər də həvəs göstərmirəm. Ona görə ki, Azərbaycanda "qazi" sözünün hüquqi tərəfi hələ yetərincə təsbit olunmayıb. Yəni, müharibə iştirakçısı, müharibə əlili, müharibə veteranı anlayışı var. Sentyabr ayında Milli Məclis toplananda qazi ifadəsini Veteranlar haqqında qanuna əlavə etməklə bu məsələni həll edə bilərik".
"Bir müddət bundan öncə ardıcıl baş verən hadisələrdə biz həyəcan təbili çaldıq. Mətbuat olaraq dedik ki, bu məsələlər öz həllini tapacaq. Əfsuslar olsun ki, son dəfə Sabirabadda olan qazimiz Elvin Cəfərov özünə qəsd etdi və dünyasını dəyişdi. İndi bu müharibə iştirakçısının vəziyyəti necə olacaq bilinmir, amma Bakıdakı xəstəxanaya təxliyyə olunub. Mən fürsətdən istifadə edərək deyirəm ki, heç bir halda onlar bu yola əl atmasınlar. Düşmən qarşısından qaçmayan, düşmənin yaratdığı o dözülməz fiziki və mənəvi çətinliklərə dözənlər canlarına qıymasınlar. Şiddətli döyüş gedirdi, vaxtlı vaxtında dincələ bilmirdilər, qida tapa bilmirdilər. Yəni belə bir çətinliyə dözən oğullar indi hansısa bir məmurun günahı ucbatından öz həyatına qəsd edir. Bu həm İslami tərəfdən günahdır, həm də hüquqi baxımdan sən doğrudan da müharibənin iştirakçısısansa, öz hüququnu istə və mübarizəni apar. Mən bu yolu tövsiyyə edirəm".

Ü.Cəfərov məsələ ilə bağlı Nazirlər Kabinetinə üz tutaraq bu sözləri ifadə etdi: "Mütəmadi olaraq müharibədə istər öndə , istər arxa cəbhədə iştirak etmiş, ezam olunmuş şəxslər hələ də öz haqq etdikləri müharibə veteranı adlarını almıyıblar. Mən bu mövzuda baş nazir Əli Əsədova müraciət etmək istəyirəm. Əli Əsədov siz nəyi gözləyirsiniz? Sizin tabeliyinizdə olan məmurlar niyə bu qədər biganədir? Bu məsələni həll etmək lazımdır. Artıq avqust ayı başa çatıb. Gələn ay 44 günlük müharibədə zəfərimizin 2 illik tarixi yaxınlaşır. Bu günə qədər minlərlə insan haqq etdiyi müharibə veteranı adını hələ də almıyıb. Hər işə vaxt tapılır, amma lazım olan işləri başa çatdırmırlar. Müharibə veteranları ilə bağlı hərb yönlü təşkilatlar var. Onlar da bir fəaliyyət göstərməlidirlər. Sanki bu yay onlara məsti-xumar bir şərait yaradıb. Hərə bir istirahət ocağına çəkilib. Sanki baş verənlər Azərbaycan da deyil, başqa ölkədə baş verir".

Polkovnik qazilərə səsləndi: "Mən bir daha bu fürsətdən istifadə edib müharibə iştirakçılarina müraciət etmək istəyirəm ki, heç bir halda onlar öz canlarına qəsd etməsinlər və problemleri olan zaman mətbuata müraciət etsinlər. Biz də həmin o biganə məmurlari ifşa edək və başa salaq ki, onların bilavasitə vəzifə borcudur. İcra hakimiyyətlərində olan müvafiq şöbələr ki var, hələ də öz işlərini lazımi səviyyədə yerinə yetirmirlər. Mən onlara müraciət edirəm- sizə nə oldu ? Birdən- birə bu 2 il ərzində siz də məmurlaşdınız? Yəni bu qədər biganə oldunuz? Olmaz belə şeylər, onlar bir qədər bu işlərdə çevik və operativ iştirak etməlidirlər və müharibədə olmayan adamları başa salmalıdırlar ki, müharibə iştirakçılarına həssas yanaşsınlar, onların problemlərinin həlli istiqamətində boş sözlər yox, konkret addımlar atsınlar".